BAKI, 10 dekabr. TELEQRAF
Fransanın birinci xanımı Parisdə Ary Abittanın teatr tamaşasını pozan qadınlara “axmaq qarılar” deməsi ilə qınağa tuş gəlib.
Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Fransada tanınmış simalar və solçu siyasətçilər Bricit Makronun feminist etirazçıları təhqiramiz və seksist ifadə ilə adlandırmasını tənqid ediblər.
Bazar günü çəkilmiş videoda birinci xanımın “Folies Bergere” teatrında aktyor və komediyaçı Ary Abittanla səhnəarxasında söhbəti əks olunur. Öncəki gecə feminist fəallar onun tamaşasını “Abittan, zorakısan!” şüarları ilə yarımçıq qoymuşdular. Çünki Abittan bir müddət əvvəl cinsi zorakılıqda ittiham olunmuşdu.
Abittan səhnəyə çıxmazdan əvvəl özünü gərgin hiss etdiyini deyəndə, Makron onu sakitləşdirmək məqsədilə etirazçı feministləri təhqir edib.
Birinci xanımın ofisi açıqlama yayaraq bildirib: “Videoda da görünür ki, xanım Makronun yeganə niyyəti səhnəyə çıxmazdan əvvəl sənətçini sakitləşdirmək idi. O, heç bir halda hansısa hərəkatı hədəf almır”.
Feminist hərəkat “Nous Toutes” (“Hamımız”) bildirib ki, onlar Abittanın tamaşasını Fransada cinsi zorakılıqla bağlı cəzasızlıq mədəniyyətinə etiraz olaraq pozublar.
2021-ci ildə Abittana qarşı irəli sürülən təcavüz ittihamı 2024-cü ildə sübut çatışmazlığı səbəbindən bağlanmış, qərar bu ilin yanvarında apellyasiya instansiyasında təsdiqlənmişdi.
Hərəkatın “Instagram” açıqlamasında deyilir: “Biz təcavüzdə ittiham olunan kişilərə qırmızı xalça sərən məkanları qınayırıq. Bu, seksist və cinsi zorakılığı normallaşdırır. Bu, qurbanlara qarşı açıq hörmətsizlikdir. Qurbanlara inanırıq. Zorakıları bağışlamırıq!”
Sol partiyaların siyasətçiləri Makronun ifadəsini seksist və qəbuledilməz adlandıraraq onun üzr istəməli olduğunu bildiriblər.
Keçmiş Fransa prezidenti Fransua Olland deyib: “Burada bayağılıq problemi var”.
Yaşıllar partiyasının lideri Marin Tondelye hadisəni son dərəcə ciddi adlandırıb və belə sözlərin birinci xanıma yaraşmadığını qeyd edib.
Bir çox məşhur isə feministlərə dəstək olaraq sosial şəbəkələrdə paylaşımlar ediblər.