futbolpress-az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Sumqayıt” Premyer Liqada növbəti qələbəsini qazanıb. “Kimyaçılar” azarkeşləri önündə “İmişli”ni minimal hesabla məğlub edib – 1:0.
İlk hissəsi sönük keçən və daha çox ikili mübarizənin olduğu matçda fasilədən sonra “Sumqayıt” təzyiqi artırdı. Qol axtarışında olan “kimyaçılar” kompakt müdafiəsi ilə seçilən “İmişli” səddini yarmaqda çətinlik çəkirdi. Daha çox cinahlardan asmalara və keçidlərə üstünlük verən meydan sahibləri oyunun sonlarında Ressendenin ötürməyə çevrilən zərbəsindən sonra Rüstəm Əhmədzadənin fərdi ustalığı hesabına qol vurmağı bacardı.
Qol epizodlarının kasad olduğu matçda əsas təhlükələr standart vəziyyətlərdən yaranırdı. “İmişli” matçın son dəqiqələrində penaltidən fərqlənmək şansı yaxalamasına baxmayaraq, İbrahim Əliyevin cəhdi uğursuz alındı. Müdafiəçi komandalar arasında ilk dövrədə adı protokolda olmamasına rəğmən oyuna çıxdığı üçün komandasının texniki məğlubiyyətinə səbəb olmuşdu. Bu dəfə isə uğursuz zərbə ilə komandasını bir xaldan etdi.
Ötən tur “Şamaxı” ilə matçın sonlarında məşqçilər korpusu arasında yaşanan gərginlik bu dəfə də təkrarlandı. Matçın son saniyələrində “İmişli”nin futbolçusu Ronaldonun “Sumqayıt”ın texniki zonası ilə yaşadığı qısa mübahisə böyüdü. Məşqçilər korpusu arasında gərginlik yekunda “kimyaçılar”ın məşqçisi Veliçko Kaplanoviçin qırmızı vərəqə alması ilə yekunlaşdı.
“Sumqayıt” vacib qələbə sayəsində xallarını 26-ya çatdırdı və turnir cədvəlinin 4-cü sırasına yüksəldi. “İmişli” isə turu 9-cu pillədə başa vurdu.
Şahin Cəfərov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.