ABŞ prezidenti Donald Tramp bildirib ki, Tailand və Kamboca arasındakı münaqişəni həll etmək üçün ona cəmi bir telefon zəngi kifayətdir. Pensilvaniyada çıxışı zamanı cənab Tramp iki ölkənin sərhədində toqquşmaların yenidən başlamasından narahat olduğunu etiraf edib.
“Sabah mən zəng etməli olacam və düşünürəm ki, hamısı anlayacaq. Başqa kim deyə bilərdi: “Mən telefon zəngi edəcəyəm və iki çox güclü ölkə arasındakı müharibəni dayandıracağam?”, — deyə Donald Tramp bildirib.
Oktyabr ayında Tailand və Kamboca ABŞ-nin vasitəçiliyi ilə atəşkəs imzalamışdılar. Dekabrın 8-də Tailand ordusu Kamboca ilə mübahisəli sərhəd boyunca hava zərbələri endirib və qonşu ölkənin hərbçilərini hücumda ittiham edib. Dünən isə Tailandın Kamboca tərəfindən atəşə tutulduğunu bildirib və ona qarşı Hərbi Dəniz Qüvvələrini işə cəlb edib.