AZ

Astara Gömrük İdarəsinin inspektoru ilə bağlı hökm dəyişdi

Şirvan Apellyasiya Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilən Həsən Bəkirovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, Astara Rayon Məhkəməsinin hökmü dəyişdirilib, həmin hökmün təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə təyin edilmiş cəza və əlavə cəzalar (islah işləri, qazancdan 20% tutulması, həmçinin 1 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaqdan məhrumetmə və cəzaların qismən toplanması) hökmündən xaric edilib, lakin həmin hökm üzrə Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən təyin edilmiş 1 il 6 ay müddətinə islah işləri, qazancdan 20% tutulması və 1 il 6 ay müddətinə rəhbər vəzifə tutmaq hüququndan məhrumetmə cəzası qüvvədə saxlanılıb.

İttihama görə, Həsən Bəkirov Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsinin inspektoru vəzifəsində işləyib. O, vəzifəli şəxs kimi qeyrisinin təhriki ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə edib, vəzifəli şəxs qismində qeyrisinin təhriki ilə informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməklə vahid niyyətlə vəzifə saxtakarlığı törədib.

İstintaq dövründə Həsən Bəkirovun barəsində əsas qətimkan tədbiri kimi polisin nəzarəti altına vermə, əlavə qətimkan tədbiri kimi vəzifədən kənarlaşdırma qətimkan tədbiri seçilmişdi.
 

Kamal Məmmədov 

Tarix: 10 Dekabr 2025, 09:22   
Seçilən
32
pravda.az

1Mənbələr