AZ

Hindistanda canavar dörd aylıq körpəni parçalayıb

Hindistanda dəhşətli hadisə baş verib. Canavar yatmış qadının körpəsini qaparaq öldürüb.

Editor.az xəbər verir ki, hadisə barədə “Indian Express” məlumat yayıb.

Hadisə gecə saatlarında Uttar Pradeş ştatının Mallaxanpurva kəndində baş verib. Yırtıcı heyvan evə daxil olaraq anasının yanında yatan dörd aylıq körpəni götürüb. Ana səsə oyanıb və canavarın körpəni ağzında aparmasını görüb, lakin uşağı xilas etmək mümkün olmayıb. Körpənin cəsədinin qalıqları ertəsi gün kənddən təxminən bir kilometr məsafədə, şəkər qamışı tarlasında tapılıb.

Nəşrin məlumatına görə, bu, Hindistanın Kayserqanc bölgəsində son 10 gün ərzində baş verən dördüncü hücumdur. Yerli hakimiyyət orqanları son üç ayda canavarların 48 nəfərə hücum etdiyini, onlardan 10 nəfərin öldüyünü açıqlayıb.

Bir həftə əvvəl “Indian Express” Uttar Pradeşdə daha bir faciəvi hadisə barədə yazmışdı. Beş yaşlı uşaq evinin yaxınlığında oynayarkən iki canavarın hücumuna məruz qalıb. Yırtıcılardan biri uşağı boynundan, digəri ayaqlarından tutaraq onu şəkər qamışı tarlasına sürüyüb. Uşağın meyiti evdən 500 metr aralıda tapılıb.

Məlumatlara görə, Hindistanda daha əvvəl insanlara hücum edən canavarların axtarışı üçün dronlardan istifadə edilib.

// Gülnarə Abasova, Editor.az

Seçilən
49
editor.az

1Mənbələr