AZ

Sabirabadda oğul anasını döyərək xəsarət yetirdi - HƏBS

Şirvan Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Nazim Əlizadənin (adı, soyad şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya protesti təmin edilib, Sabirabad Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsə 5 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib və o, dərhal məhkəmə iclas zalından həbs olunub.


İttihama görə, hadisə 24 yanvar 2025-ci il tarixdə, saat 01:00 radələrində Sabirabad rayonu ərazisində yerləşən kəndlərin birində baş verib.


Məlumata görə, Nazim Əlizadə həmin vaxt alkoqol sərxoşluğu vəziyyətində olarkən yaşadığı evdə anası, zərərçəkmiş Səmayə Əlizadə (adı, soyadı şərtidir) ilə mübahisə edib. Bu zaman o, anasının bədəninin müxtəlif nahiyələrinə şillə, yumruq və təpiklə zərbələr endirib. Zərbələr nəticəsində qadında burun sümüyünün sınığı və sağ gözaltı nahiyədə piqmentasiya izi yaranıb və bu, qəsdən sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilib.


Hadisədən sonra Nazim Əlizadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Sabirabad Rayon Məhkəməsinin hökmü ilə ona 5 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdi.


Kamal Məmmədov 

Tarix: 10 Dekabr 2025, 09:33   
Seçilən
34
pravda.az

1Mənbələr