ABŞ-da prezident Donald Trampın mitinq çıxışı növbəti dəfə siyasi mübahisələrə səbəb olub. AzPost.az KP.ru-ya istinadla xəbər verir ki, o, Pensilvaniya ştatında tərəfdarlarının qarşısında keçmiş prezident Co Bayden haqqında sərt ifadələr işlədib.
Çıxış zamanı Tramp tərəfdarlara müraciət edərək soruşub ki, Baydeni hansı ifadə ilə adlandırmağı davam etdirməlidir. Tərəfdarlar iki variant arasında seçim ediblər – “satqın” və ya “yorğun”. Tramp daha sonra bildirib ki, adətən “satqın Co” ifadəsi qalib gəlirdi, lakin bu dəfə nəticələr onu təəccübləndirib.
O deyib: “Mənim üçün o, ölkəmizi məhv edən yorğun bir adamdır”. Bu sözlər mitinqdə olanların bir hissəsi tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, bir gün əvvəl keçirilən başqa tədbirdə Trampın özü yuxulu halda çəkilmiş görüntüləri sosial şəbəkələrdə müzakirə olunub. Bu, belə halın ilk dəfə qeydə alınması deyil.
Tramp əvvəllər də sərt ifadələri ilə gündəmə gəlib. O, müxtəlif tədbirlərdə jurnalistləri və siyasi rəqiblərini aşağılayıcı sözlərlə adlandırıb. Məsələn, bir dəfə jurnalist qadını “iyrənc” adlandırmış, başqa hallarda isə media nümayəndələrinə “axmaq insan” kimi ifadələr işlətmişdi.