futbolpress-az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Azərbaycan Premyer Liqasının 12 iştirakçısı var. Onların heç biri miks zona şərtinə tam əməl etmir.
Haşiyə: yoldaşlar, mikser maye və toz halında quru məhsulları qarışdırmaq eçün cihazdır, miks zona isə oyundan sonra futbolçuların mətbuat nümayəndələrinin suallarını cavablaması üçün ayrılan guşə.
Təəssüf ki, klublarımız mikserlə quru toz və maye halında olmayan “miks zona” məsələsini əməlli-başlı qarışdırmağa girişiblər.
Qismən “Sabah”, “Qəbələ” “Turan Tovuz”, lap qismən də “Qarabağ” istisna olmaqla klublar miks zonaya futbolçu “gətirmir”.
Ümumiyyətlə, mətbuatdan gen gəzmək/yan qaçmaq mərəzi təkcə miks zona məsələsində deyil, bəzi klublar futbolçuların müsahibə verməsini qeyri-rəsmi qadağan edib.
Hətta “Qarabağ”, “Zirə”, “Neftçi” kimi klubların futbolçularından oyunöncəsi/oyunsonrası açıqlama almaq, müsahibələşmək qeyri-mümkün hala çevrilib.
Müəyyən məqamlarda bu qadağanın olması qaydalara uyğundur və anlaşılandır, lakin ümumiyyətlə mətbuata qapalılığın adı nədir?
Bu hal getdikcə böyüyür, çiçəklənir, haçalanır və dərinləşir. Sanki bəzi klublar “suların sakit axışından” xumarlanıb… halbuki həqiqətdən uzaqlaşmaq olmaz. Qaydalara riayət etməmək isə nəinki olmaz, qadağandır!
Bu kimi halların artmasının qarşısı alınmalıdır.
Peşəkar Futbol Liqasının çempionatın keçirilməsi Əsasları ilə bu məsələyə əncam çəkmək səlahiyyəti olmasa da, ən ciddi təsir mexanizmi var. PFL öz növbəsində bu istiqamətdə lazımlı addımları atmalıdır.
Və klublar da peşəkar məsuliyyəti dərk etməli, bilməlidir ki, peşəkarlığın əsas prinsiplərindən biri mətbuatla kommunikasiyanın doğru qurulmasıdır.
Miks zonaya futbolçunun gəlməməsi nöqsandır. Mətbuata qədərindən artıq qapalılıq klub üçün nöqsandır.
Bu halların getdikcə artması isə çox pisdir. Diqqətli olmaq və qanunlara/qaydalara riayət etmək vacibdir.
Kamil Əhməd
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.