Bangkok eskalasiyadan sonra “Trat Prap Porapak” əməliyyatını başladıb…
Tailand Hərbi Dəniz Qüvvələri Kamboca ilə gərginliyin kəskinləşməsi fonunda sərhəd yaxınlığında genişmiqyaslı hərbi əməliyyata start verib.
Poliqon xəbər verir ki,bu barədə məlumatı Tratt əyalətinin Müdafiə Sərhəd Qüvvələrinin qərargahı yayıb.
Rəsmi açıqlamada bildirilib ki, 10 dekabr tarixindən etibarən Tailand Hərbi Dəniz Qüvvələri eskalasiya edən döyüş toqquşmaları səbəbilə öz sektorunda daha geniş səlahiyyətlərlə əməliyyatlara rəhbərlik edir. “Trat Prap Porapak” (“Trat düşməni boğur”) adlı əməliyyat zonasına HTMS Thepa adlı hərbi gəmi göndərilib. Gəmi 24 saatlıq patrul və kəşfiyyat missiyasını icra edəcək.
Məlumata görə, ekipaj və silah sistemləri tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Tailand donanması balıqçılara müraciət edərək təhlükəsizlik səbəbilə dənizə çıxmamağı tövsiyə edib.
Qeyd edək ki, 8 dekabrda Tailand və Kamboca sərhədində yeni toqquşmalar başlayıb. Bangkok Kambocanı Buriram əyalətinin mülki yaşayış məhəllələrinə hücumda ittiham edib. Tailand tərəfi yay aylarında əldə olunmuş atəşkəsə baxmayaraq danışıqlardan imtina edərək yeni hərbi əməliyyatlara icazə verib.
Poliqon.info