AZ

Milli Məclisin plenar iclası

Dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri həyata vəsiqə aldı

Dekabrın 9-da Milli Məclisin payız sessiyasının növbəti plenar iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə baş tutdu. Gündəliyə daxil edilən 16 məsələ üzrə geniş müzakirələr aparıldı.

İlk olaraq “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda müzakirəyə çıxarıldı. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirdi ki, gələn ilin büdcə zərfində bir sıra dəyişikliklər təklif olunur. Müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti və hüquq-mühafizə orqanlarının xərclərinin 47,8 milyon manat artırılması nəzərdə tutulur. Heyvanlar arasında yoluxucu xəstəliklərə qarşı epizootiya əleyhinə peyvəndləmə üçün əlavə 3 milyon manat ayrılması planlaşdırılır. Dövlət orqanlarının fəaliyyətinin və maddi-texniki təminatının yaxşılaşdırılması üçün isə 1,2 milyon manatlıq əlavə vəsaitə ehtiyac olduğu vurğulanıb. Ümumilikdə 52 milyon manatlıq bu artımlar dövlət büdcəsinin ehtiyatları hesabına qarşılanacaq.

Komitə sədri əlavə etdi ki, bir sıra təşkilatların müraciətləri əsasında xərclərin optimallaşdırılması məqsədilə iqtisadi təsnifat üzrə 13,2 milyon manatlıq maddələrarası yerdəyişmələrə ehtiyac yaranıb. Onun sözlərinə görə, deputatların qaldırdığı bəzi məsələlər prioritetlik prinsipinə uyğun şəkildə dövlət investisiya xərcləri hesabına həll ediləcək. Gələn il dövlət investisiya proqramına 2,7 milyard manat ayrılması planlaşdırılır. Təklif olunan bu dəyişikliklər yenilənmiş 2026-cı il dövlət büdcəsi layihəsinin birinci, yeddinci və doqquzuncu maddələrində öz əksini tapır.

Aparılan müzakirələrin yekununda Milli Məclis “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul etdi. Sənədə əsasən, gələn il dövlət büdcəsinin gəlirlərinin 38 milyard 609 milyon manat, xərclərinin isə 41 milyard 703,6 milyon manat olacağı proqnozlaşdırılır. Bu göstəricilərə görə, büdcə kəsirinin 3 milyard 94,6 milyon manat təşkil edəcəyi gözlənilir. Növbəti ildə icmal büdcənin gəlirlərinin 44 milyard 969,4 milyon manat, xərclərinin isə 48 milyard 839,3 milyon manat səviyyəsində olacağı nəzərdə tutulur ki, bu da 3 milyard 869,3 milyon manat həcmində kəsir formalaşdırır. Qeyd edilib ki, büdcə planlamasında neftin bir barelinin qiyməti 65 ABŞ dolları götürülüb.

Paralel olaraq, Milli Məclis “Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsini müzakirəyə çıxardı. Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edildi. Qanun layihəsinə əsasən, 2026-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə xərclərinin 8 milyard 483,1 milyon manat olacağı proqnozlaşdırılır. Sənədə görə, bu məbləğin 8 milyard 323,1 milyon manatı fondun gəlirləri, 160 milyon manatı isə ilin sonunda yaranacaq istifadə olunmamış vəsait qalığı hesabına maliyyələşdiriləcək.

Milli Məclis həmçinin 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil olan “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul etdi. Qanun layihəsinə əsasən, gələn il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) büdcə xərclərinin 266,4 milyon manat olması proqnozlaşdırıldı. Sənədə görə, bu xərclərin 238,3 milyon manatı Fondun gəlirləri, 28,1 milyon manatı isə ilin sonunda yaranacaq istifadə olunmamış vəsait qalığı hesabına maliyyələşdiriləcək. Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul olundu.

MM 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil olan “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrini üçüncü oxunuşda qəbul etdi. Sənədlərə əsasən, növbəti il ölkədə yaşayış minimumu və ehtiyac meyarının 300 manat səviyyəsində müəyyən edilməsi nəzərdə tutulur. Yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün isə 260 manat müəyyən edilib. Müzakirələrdən sonra hər iki qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul olundu.

Parlament vergi siyasəti, vergi inzibatçılığı və vergi dərəcələrinin müəyyən edilməsi ilə bağlı Vergi Məcəlləsinə və ümumilikdə 16 qanuna təklif olunan dəyişiklikləri üçüncü oxunuşda qəbul etdi.

Gündəliyə daxil edilmiş Milli Məclisin və onun aparatının, həmçinin Hesablama Palatasının 2026-cı il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihələri də qəbul olundu. Belə ki, Milli Məclis və onun aparatının 2026-cı il üçün xərclər smetası 52 074 310 manat, Hesablama Palatasının 2026-cı il üçün xərclər smetası isə 11 455 897 manat məbləğində təsdiq edildi.

Plenar iclasda çıxış edən Baş nazir Əli Əsədov bildirib ki, 2026-cı ilin büdcəsində investisiyayönümlü dövlət proqramlarının maliyyələşdirilməsi üçün kifayət qədər vəsait ayrılıb. O qeyd edib ki, nəqliyyat-logistika infrastrukturu, bərpaolunan enerji və xarici sərmayə mexanizmləri gələn il də dövlət investisiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirir. Baş nazir vurğulayıb ki, Azərbaycan artıq Avrasiyanın aparıcı nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib və beynəlxalq dəhlizlərin genişləndirilməsi davam edir. Zəngəzur dəhlizinin (TRIPP) yaxın perspektivdə Orta Dəhliz və Şimal–Cənub xətti üçün yeni strateji marşrut rolunu oynayacağı gözlənilir.

Əli Əsədov əlavə edib ki, bərpaolunan enerji layihələri böyük həcmdə xarici sərmayə cəlb edir və sənayenin növbəti inkişaf mərhələsini formalaşdırır. Mərkəzi Asiya ölkələri ilə yaradılmış birgə sərmayə fondları, eləcə də Dövlət Neft Fondu və SOCAR vasitəsilə həyata keçirilən xarici investisiyalar ölkəyə həm dividend qazandıracaq, həm də yeni dəyər zənciri yaradacaq.

Baş nazir çıxışında yeni inkişaf modelinin bu strateji xətt üzrə qurulduğunu, Prezident İlham Əliyevin son 20 ildə həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın siyasi-iqtisadi gücünün əhəmiyyətli dərəcədə artdığını vurğulayıb. O bildirib ki, millət vəkillərinin büdcə müzakirələrində səsləndirdiyi təklif və narahatlıqlar nəzərdən keçiriləcək və büdcə imkanları çərçivəsində həll istiqamətində addımlar atılacaq.

Daha sonra gündəlikdə olan növbəti məsələlərin müzakirəsi aparıldı. Aida Əli qızı Hüseynovanın Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi barədə təqdimat müzakirəyə çıxarılaraq bir oxunuşda qəbul edildi.

İclasda “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya Qanununda dəyişiklik layihəsi müzakirəyə çıxarıldı. Layihə barədə Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Komitə sədri bildirdi ki, Nazirlər Kabineti hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında illik fəaliyyət haqqında hesabat verir. Dəyişikliyə əsasən, Nazirlər Kabinetinin hesabatı hər il martın 31-dək təqdim ediləcək. "Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qanunda da analoji dəyişiklik təklif edildi. Qanun layihələri səsverməyə çıxarılaraq qəbul edildi.

Parlamentdə “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsi müzakirə olundu və təqdimat edən komitə sədri Arzu Nağıyev dəyişikliklərin Daxili Qoşunların səlahiyyətlərini genişləndirdiyini bildirdi. Yeni layihəyə əsasən, Daxili Qoşunlar mühafizə olunan dövlət obyektlərinin qorunmasında iştirak edir, həmin obyektlərə basqının qarşısını alır, əraziyə qanunsuz daxil olmuş şəxsləri axtarıb tutur, eləcə də aidiyyəti qurumların maddi-texniki və hərbi anbarlarını mühafizə edir. Həmçinin həmin qurumun tapşırığı və ya xidməti fəaliyyət zamanı aşkarlanmış partlayıcı maddə və qurğuları zərərsizləşdirir və məhv edir.

Plenar iclasda "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Qanuna dəyişiklik layihəsi də müzakirə olundu. Layihəyə görə, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanuna uyğun olaraq siyahıya daxil edilmiş abidələr və bəzi xüsusi kateqoriyalı tikililər istisna olmaqla, yeni tikilən, yenidən qurulan və əsaslı təmir olunan bütün yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi olacaq. Pasport yalnız qanun qüvvəyə mindikdən sonra həyata keçirilən tikililərə şamil ediləcək, hazırda istismarda olan binalara aid olmayacaq. Qanun layihəsində pasportlaşdırma qaydalarının müəyyən ediləcəyi, bu qaydaların isə Nazirlər Kabineti tərəfindən təsdiq olunacağı qeyd edilir. Layihə üçüncü oxunuşda səsvermə ilə qəbul olunub.

İclasda yol hərəkəti təhlükəsizliyinə dair normativ çərçivənin də yenilənməsi müzakirə olundu. “Yol hərəkəti haqqında” Qanuna dəyişiklikləri əhatə edən layihədə motosiklet və mopedlərin istismarına dair daha sərt tələblərin tətbiqi nəzərdə tutulur. Xüsusilə vurğulanıb ki, motosiklet və ya mopedin uzunluğu və ya eni üzrə qabaritlərini 0,5 metrdən artıq aşan və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınması qadağan ediləcək. Bu dəyişiklik həm sürücünün təhlükəsizliyini, həm də ümumi yol hərəkəti qaydalarının pozulmasının qarşısını almağı hədəfləyir. Layihənin mühüm yeniliklərindən biri moped idarə etmək üçün sürücülük vəsiqəsinin tələb olunmasıdır.

Bununla da MM-in 9 dekabr tarixində keçirilən plenar iclası yekunlaşdı.

Tacir ARAZOĞLU
XQ

Seçilən
15
xalqqazeti.az

1Mənbələr