Tailand və Kamboca arasında hərbi toqquşmalar yenidən alovlandı. Halbuki oktyabrın sonunda ASEAN sammitində tərəflərin imzaladığı sülh razılaşması iki ölkə arasında münasibətlərin qaydasına düşəcəyinə olan inamı gücləndirmişdi. Lakin dekabr ayının 8-i səhər saatlarında Kamboca üçün hava zərbələri ilə başladı. Tailand ordusu əvvəlcə öz hərbçilərinin Kamboca tərəfindən “atəş dəstəyi ilə” vurulduğunu bildirdi, ertəsi gün isə sərhəd boyunca aviazərbələr endirdi. Birmənalı olmayan məlumatlar - Tailandın “cavab atəşi” versiyası və Kambocanın “ilk hücumu tailandlıların etdiyi” iddiası – regionda informasiya müharibəsinin də qızışdığını göstərir.
Kamboca Müdafiə Nazirliyinin nümayəndəsi Meli Soçeata bəyan edib ki, hücuma məruz qalan tərəf məhz Kambocadır və Pnompen hərbi cavab verməmək qərarı alıb. O, Tailandı “bütün düşmənçilik fəaliyyətlərini dərhal dayandırmağa” çağırıb. İkihissəli 800 kilometrlik sərhəd xəttinin ən həssas nöqtəsi isə XI əsrə aid Preah Vihəar məbədi və onun ətrafındakı torpaqlardır. 1962-ci ildə Beynəlxalq Məhkəmə məbədi Kambocaya vermişdi, lakin Tailand məbədin ətrafındakı 4,6 kvadratmetrlik sahənin özünə məxsus olduğunu iddia edir. Yayda bu mübahisə beş günlük müharibəyə səbəb olmuşdu.
Xatırladaq ki, ötən oktyabr ayında ABŞ prezidenti Donald Tramp telefonla zəng edərək hər iki tərəfi xəbərdarlıq etmişdi ki, döyüşlər dayandırılmasa, Vaşinqton həm Tailand, həm də Kamboca ilə ticari danışıqları donduracaq. Həmin təzyiq işləmiş, tərəflər atəşkəsi imzalamışdı. Cənab Tramp bunu “Cənub-Şərqi Asiya xalqları üçün əlamətdar gün” adlandırmışdı. Lakin dekabrın 8-də tərəflər yenidən silahla “danışmağa” başladılar.
Son məlumatlara görə, Tailand artıq dəniz qüvvələrini də bölgəyə cəlb edib. “The Nation” qəzeti yazır ki, Kamboca sərhədə xüsusi təyinatlılar, snayperlər və reaktiv yaylım atəşi sistemləri yerləşdirib. Tailand bu addımı “suverenliyə təhdid” kimi qiymətləndirir. Kamboca isə cavab olaraq səngərlər qazıb, ağır texnika yerləşdirib və Tailand mövqelərini izləmək üçün PUA-lardan istifadə edir. Hazırkı gedişat göstərir ki, qısamüddətli razılaşmaların ömrü uzanmadıqca regionda yeni gərginlik dalğaları qaçılmaz olacaq.
Səbuhi MƏMMƏDOV
XQ