AZ

Tailand Kamboca ilə gərginlik fonunda genişmiqyaslı hərbi əməliyyata başladı

Tailand Kamboca ilə artan sərhəd gərginliyi fonunda dəniz və hava qüvvələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat başladığını açıqlayıb.

Editor.az xəbər verir ki, Tailand Kral Donanması Kamboca ilə sərhəd boyunca “Trat Prap Porapak” (“Trat Düşməni Yatırır”) kod adlı hərtərəfli əməliyyata start verildiyini bildirib. Tailand Sərhəd Müdafiə Qüvvələrinin Trat bölgəsindəki qərargahından yayılan məlumatda qeyd olunur ki, Kamboca ilə münaqişələrin kəskinləşməsi səbəbindən Hərbi Dəniz Qüvvələri dekabrın 10-dan etibarən regionda genişləndirilmiş əməliyyat səlahiyyətləri alıb.

Məlumata görə, HTMS Thepa hərbi gəmisi əməliyyat zonasında yerləşdirilib və ekipaja sutkalıq patrul və kəşfiyyat aparılması ilə bağlı xüsusi tapşırıqlar verilib.

Bəyanatda vurğulanıb: “Bütün ekipaj üzvləri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib, silah sistemləri tam işləkdir və gərginlik yaranacağı təqdirdə dərhal istifadə üçün hazır vəziyyətdə saxlanılır”.

Bundan əlavə, Tailand balıqçılarına Kamboca sərhədi yaxınlığında dənizə çıxmamaq tövsiyə olunub.

Qeyd edək ki, Tailand və Kamboca arasında sərhəd boyunca gərginlik dünən yenidən kəskinləşib. Hər iki ölkə qarşı tərəfi iyul ayında imzalanmış atəşkəs razılaşmasını pozmaqda ittiham edir. Tailand Hərbi Hava Qüvvələrinin mövqelərə hava zərbələri endirdiyi bildirilir. Kamboca mediası isə bütün sərhəd xətti boyunca şiddətli döyüşlərin getdiyini yazır.

// Gülnarə Abasova, Editor.az

Seçilən
14
editor.az

1Mənbələr