
ABŞ Ankaranın F-35 qırıcılarının istehsalı və tədarükü proqramına qayıtması üçün, Türkiyədən Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərindən imtina etməsini tələb edir.
Missiya.Az xəbər verir ki, bu barədə “Bloomberg“ ABŞ-nin Türkiyədəki səfiri Tom Baraka istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Türkiyənin təxminən on il əvvəl aldığı Rusiya sistemləri ilə bağlı Vaşinqton və Ankara arasında danışıqlar davam edir.
Barak bildirib ki, ABŞ və NATO müttəfiqlərinin mövqeyi dəyişməz olaraq qalır - Ankara F-35 proqramına qayıtmaq istəsə, S-400-ləri işlədə və ya ona sahib ola bilməz.
“ABŞ qanunlarında göstərildiyi kimi, Türkiyə F-35 proqramına qayıtmaq üçün artıq S-400 sistemini işlətməməli və ya ona sahib olmamalıdır”, - deyə səfir vurğulayıb.
Barak qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında yaxın münasibətlər “son 10 ilin ən səmərəli danışıqlarına” səbəb olub.
“Ümid edirik ki, bu danışıqlar qarşıdakı aylarda ABŞ və Türkiyənin təhlükəsizlik tələblərini təmin edəcək bir irəliləyişə gətirib çıxaracaq”, - deyə diplomat əlavə edib.
Daşqın HəsənovMissiya.Az