AZ

Baş nazir Milli Məclisə gəldi...

2026-cı ilin büdcə zərfinə daxil olan məsələlər üçüncü oxunuşda qəbul edilib

Dekabrın 9-da Milli Məclisin növbəti iclası keçirilib. İclasda Azərbaycanın Baş naziri Əli Əsədov və hökumət üzvləri iştirak ediblər. Spiker Sahibə Qafarova iclasın gündəliyi haqqında məlumat verib. Gündəliyə 16 məsələ daxil edilib.

Büdcə layihəsində bir sıra düzəlişlər edilib

Əvvəlcə 2026-cı ilin büdcə zərfinə daxil olan məsələlər üçüncü oxunuşda müzakirə olunub. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “2026-cı ilin dövlət büdcəsi haqqında” (üçüncü oxunuş)  qanun layihəsi barədə məlumat verib. Onun sözlərinə görə, qanun layihəsinə bir sıra düzəlişlər edilib: “Müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinin 47,8 milyon manat artırılması təklif olunur. Bundan başqa, ərzaq və qida təhlükəsizliyi çərçivəsində heyvanlar arasında yoluxucu xəstəliklərə və epizootiya əleyhinə peyvəndləmə işləri üçün əlavə 3 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulur. Bəzi dövlət orqanlarının fəaliyyətinin təşkili və onların maddi-texniki təminatının daha da yaxşılaşdırılması ilə bağlı 1,2 milyon manat vəsaitə ehtiyac yaranıb. Sadaladığımız və cəmi 52 milyon manat təşkil edən bu xərclər büdcənin müvafiq ehtiyatları hesabına təmin olunacaq”.

Bundan başqa, komitə sədri deyib ki, bəzi təşkilatların təklifləri əsasında onların xərclərinin optimallaşdırılması ilə bağlı iqtisadi təsnifata uyğun olaraq 13,2 milyon manat məbləğində maddələrarası yerdəyişmələrin aparılmasına ehtiyac var: “Həmkarlarımızın qaldırdığı məsələlərin bir qisminin prioritetli prinsip üzrə dövlət investisiya xərcləri hesabına həll ediləcəyi nəzərdə tutulur. Növbəti ildə dövlət investisiya proqramı üçün 2.7 milyard manat vəsait planlaşdırılır. Təklif olunan dəyişikliklər 2026-cı il dövlət büdcəsi haqqında yeniləşmiş qanun layihəsinin birinci, yeddinci və doqquzuncu maddələrində öz əksini tapıb”.

Baş nazir: Ərazilərin bərpasına 25 milyard manatdan çox vəsait ayrılıb

Sonra iclasda Baş nazir Əli Əsədov çıxış edib. Baş nazir bildirib ki, 2026-cı ilin dövlət büdcəsində investisiyayönümlü dövlət proqramlarının maliyyə təminatı üçün kifayət həcmdə vəsait nəzərdə tutulur. Onun sözlərinə görə, hazırda Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən biridir. Ölkəmiz beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastruktur yaradır. Ən yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat marşrutu kimi mühüm əhəmiyyət kəsb edəcək.

Ə.Əsədov əlavə edib ki, bu gün yeni sahələr arasında əsas yerdə bərpaolunan enerji növlərinin yaradılması dayanır. Bu istiqamətdə icra edilən layihələr böyük həcmdə beynəlxalq sərmayələr cəlb edir. Bu, sənayenin inkişafının növbəti istiqamətidir. Bu gün Azərbaycan bir sıra Mərkəzi Asiya ölkələri ilə birgə sərmayə fondları yaradıb, bir sıra dost ölkələrə Dövlət Neft Fondu və SOCAR vasitəsilə investisiya yatırıb. Bu fondlar vasitəsilə bir çox layihələr icra ediləcək, ölkəmiz dividendlər qazanacaq və iqtisadiyyatımız üçün əlavə dəyər yaranacaq. Beləliklə, sadalanan istiqamətlər yeni inkişaf modelini və yeni artım drayverlərini yaradan strateji layihələrdir.

“Bütövlükdə, Prezidentin son 20 ildə uzaqgörən və düşünülmüş siyasəti Azərbaycana mühüm siyasi-iqtisadi uğurlar qazandırıb ki, bu uğurların məntiqi zirvəsi hazırda yaşadığımız şanlı Zəfər tarixidir. Prezidentin bugünkü çoxşaxəli siyasəti və ondan irəli gələrək hökumət qarşısında qoyacağı hədəflər isə qarşıdakı illərdə milli iqtisadiyyatımızın dinamik inkişafını təmin edəcək”, - deyə Ə.Əsədov vurğulayıb. O deyib ki, bu gün əsas investisiya layihələrinin istiqaməti Qarabağ və Şərqi Zəngəzurdur. Prezidentin birbaşa iştirakı və rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarda sürətli bərpa-quruculuq işləri görülür. “Ümumilikdə, 2020-ci ildən bəri 2026-cı il də daxil olmaqla işğaldan azad olunmuş ərazilərin bərpasına büdcədən 25 milyard manatdan çox vəsait ayrılıb (2026-cı il - 3,5 milyard manat). Bu vəsaitlərin böyük hissəsi infrastruktur layihələrinə yönəldilib. Layihələrin iqtisadiyyatımız üçün yaradacağı əlavə dəyər orta və uzunmüddətli dövrdə gözlənilir. Növbəti ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin təqribən 21 faizini (8,7 milyard manat) təşkil edir. Bu gün Azərbaycanda hərbi sənaye sürətlə inkişaf edir. Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik. Prezident tərəfindən hökumət qarşısında vəzifə qoyulub ki, həm daxili tələbatı ödəmək, həm də ixrac etmək üçün sənaye klasteri yaradılsın. Bu istiqamətdə artıq müvafiq işlər aparılır”, - deyə Ə.Əsədov vurğulayıb.

Strateji valyuta ehtiyatlarımız 83,5 milyard dollara çatıb

Baş nazir qeyd edib ki, 2026-2029-cu illəri əhatə edən növbəti ortamüddətli dövr hazırkı inkişaf meyilləri baxımından ölkə qarşısında yeni strateji çağırışlar və hədəflər formalaşdırır. Onun fikrincə, cari ilin ötən dövrü ərzində ölkə Prezidentinin həyata keçirdiyi xarici səfərlər və yüksəksəviyyəli görüşlər ölkəmizin iqtisadi gündəliyinə yeni dinamika gətirib. Bu il avqustun 8-də Prezident İlham Əliyevin ABŞ-a tarixi səfəri çərçivəsində imzalanan sənədlər, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat bağlantısı üzrə razılaşmanın əldə olunması regionda davamlı sülhün, beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının və iqtisadi inkişafın təmin olunmasına xidmət edəcək. Bu dövrdə əldə olunmuş nailiyyətlər iqtisadi sabitliyin və dayanıqlılığın qorunmasına, yeni investisiyaların cəlbinə, ölkəmizin beynəlxalq sahədə rolunun və mövqeyinin daha da möhkəmlənməsinə imkan verir.

Ə.Əsədov diqqətə çatdırıb ki, Dünya İqtisadi Forumunun 2025-ci il üzrə “Qlobal Risk Hesabatı”nda sadalanan qlobal risklərə baxmayaraq, cari ilin 11 ayında makroiqtisadi göstəricilərimiz dayanıqlıdır. Güclü xarici balans, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri əsas müsbət göstəricilər kimi qeyd olunmalıdır. Baş nazir bildirib ki, cari ilin 11 ayında ümumi daxili məhsul 1,6 faiz artıb, o cümlədən qeyri-neft-qaz sektorunda 3,2 faiz artım, neft-qaz sektorunda isə 1,8 faiz azalma qeydə alınıb. İqtisadi artımın dinamikasında nisbətən zəifləmənin əsası neft hasilatının obyektiv səbəblərə görə aşağı düşməsidir.

Ə.Əsədov əlavə edib ki, ölkəmizin strateji valyuta ehtiyatları ildən-ilə artır və bu ilin əvvəlindən də əhəmiyyətli dərəcədə - 12,5 milyard dollar artaraq 83,5 milyard dollardır. Bu da manat ifadəsi ilə 142 milyard manatdır ki, 2025-ci ilə gözlənilən ÜDM-in həcmini üstələyir. Hazırda valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur. “Bu gün dünyanın iki aparıcı reytinq agentliyi (“Moody’s” və “Fitch”) ölkəmizin kredit reytinqini yüksəldib. Bu, ölkəmizdə iqtisadi dayanıqlığın, fiskal intizamın və əlverişli investisiya mühitinin səviyyəsini təsdiq edir”, - deyə o vurğulayıb.

Vurğulanıb ki, 2026-cı ildə icmal büdcənin gəlirləri təqribən 45 milyard manat, xərcləri isə 48,8 milyard manat proqnoz olunur. İcmal büdcənin kəsirinin ÜDM-ə nisbəti 2,9 faizdir. Baş nazir deyib ki, makroiqtisadi proqnozlara əsasən, 2026-cı ildə qeyri-neft sektoru üzrə ÜDM-in 5 faizlik real artım tempi proqnozlaşdırılır. Neft-qaz hasilatı istisna olmaqla, ölkə iqtisadiyyatının bütün sahələri artımla proqnoz olunur. “Ortamüddətli dövrdə iqtisadiyyatımızın aparıcı qüvvəsi qeyri-neft sektoru olacaq. Əgər Strategiyanın başlanğıc dövründə - 2022-ci ildə ÜDM-nin həcminin 52 faizini qeyri-neft sektoru təşkil edirdisə (2025- 72 faiz), bu nisbət 2029-cu ildə 80 faizi üstələyəcək”, - deyə o əlavə edib.

Qeyd edək ki, millət vəkilləri 2026-cı ilin büdcə zərfinə daxil olan məsələləri qəbul ediblər.

Daha sonra gündəlikdə olan digər qanun layihələri müzakirə olunub.

Nardar BAYRAMLI

Seçilən
44
yeniazerbaycan.com

1Mənbələr