AZ

Boliviya və İsrail diplomatik münasibətləri bərpa edib

Boliviyada keçirilən seçkilərdə qalib gələn mərkəz sağçı Rodriqo Paz hökuməti, İsrailin Qəzzaya qarşı hücumlarından sonra 2023-cü ildə kəsilən diplomatik əlaqələrin yenidən qurulduğunu elan edib.

"Cebheinfo.az" xəbər verir ki, Boliviyanın Xarici İşlər Naziri Fernando Aramayo və İsrailin Xarici İşlər Naziri Gideon Saar Vaşinqtondakı İsrail səfirinin iqamətgahında görüş keçiriblər.

Aramayo və Saar iki ölkə arasında diplomatik münasibətlərin rəsmi şəkildə bərpa olunmasını təmin edən saziş imzalayıblar.Saar münasibətlərin tam şəkildə bərpa olunacağını və yaxın zamanda qarşılıqlı olaraq paytaxtlara səfirlərin təyin ediləcəyini bildirərək deyib:

“Bu gün iki qardaş ölkə arasında uzun və mənasız bir dövrə son qoyduq”.Aramayo isə Boliviya hökumətinin qarşısında duran çətinliklərin fərqində olduqlarını və bu çətinliklərin öhdəsindən gəlmək üçün “doğru dostlara” ehtiyac duyduqlarını qeyd edib.

Boliviya Prezidenti isə 2 dekabr tarixində verdiyi açıqlamada ABŞ və İsrail vətəndaşlarına tətbiq olunan viza tələbinin ləğv edildiyini bildirmişdi.

Ölkə tarixində ilk dəfə keçirilən ikinci tur seçkilərində 19 oktyabrda qalib gələn Paz, Boliviya və Latın Amerikası siyasətində solçu bir hərəkat kimi tanınan MAS partiyasının 20 illik hakimiyyətinə son qoymuşdu.

Xatırladaq ki, Boliviyanın əvvəlki prezidenti Luis Arse isə 31 oktyabr 2023-cü ildə Qəzzaya qarşı davam edən hücumları “aqressiv və qeyri-mütənasib” adlandıraraq, İsraillə diplomatik əlaqələrin kəsildiyini açıqlamışdı.

İsraillə Boliviya arasındakı diplomatik əlaqələr ilk dəfə 2009-cu ildə İsrailin Qəzzaya təşkil etdiyi genişmiqyaslı əməliyyat zamanı dayandırılmışdı.

O dövrdə prezident olan Evo Morales İsrailin əməliyyatlarını “soyqırım” kimi qiymətləndirmiş və əlaqələrin kəsilməsi qərarını vermişdi.

Morales hücumlara etiraz olaraq iki ölkə arasında uzunmüddətli viza azadlığı razılaşmasını da ləğv etmişdi.

Seçilən
20
cebheinfo.az

1Mənbələr