Kambocanın Milli Müdafiə Nazirliyinin 10 dekabr məlumatına görə, ölkənin altı sərhəd vilayətində 37,1 min ailə - ümumilikdə 127,1 min nəfər təhlükəsizlik məqsədilə evakuasiya edilib. Artilleriya atəşləri nəticəsində yeddi mülki şəxs həyatını itirib.
Tayland tərəfi isə daha genişmiqyaslı köç yaşandığını açıqlayıb. Olaylar.az xəbər verir ki, The Nation qəzetinin məlumatına əsasən, 8 dekabr tarixinə qədər sərhəd boyunca yerləşən tay vilayətlərindən 400 mindən çox sakin təhlükəsiz zonalara köçürülüb.
Gərginlik 7 dekabrda sərhəddə atıcı silahlardan istifadə ilə başlayan toqquşmalardan sonra daha da artıb. Tayland ordusu bildirib ki, Kamboca qüvvələri bazar ertəsi səhər saatlarında artilleriya ilə Tayland mövqelərini atəşə tutub. Buna cavab olaraq Tayland Hərbi Hava Qüvvələri Kambocanın hərbi infrastrukturlarına zərbələr endirib.
Tayland quru qoşunlarının məlumatına görə, Kamboca tərəfi həmçinin BM-21 reaktiv yaylım atəşi sistemlərindən və kamikadze dronlardan istifadə edib. Qarşıdurma nəticəsində indiyədək Kamboca ordusundan ən azı yeddi, Tayland ordusundan isə beş hərbçi həlak olub.
Vəziyyət ciddi olaraq qalır və hər iki ölkə sərhədyanı ərazilərdə nəzarəti bərpa etməyə çalışır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31