Şahin Seyidzadə: “Cənab Prezident İlham Əliyevin Slovakiya səfəri Azərbaycanın enerji diplomatiyasının yüksək effektivliyini bir da sübut etdi”
Dünya siyasətində sözünü qətiyyətlə deyən, müstəqil qərarları ilə regionun siyasi arxitekturasını yenidən quran Azərbaycan dövləti 8 dekabr 2025-ci ildə növbəti dəfə öz gücünü, nüfuzunu və strateji baxışını nümayiş etdirdi. Cənab Prezident İlham Əliyevin Slovakiyaya səfəri təkcə ikitərəfli münasibətlərin yeni mərhələyə yüksəlməsi deyil, həm də Azərbaycanın Avropa qitəsində etibarlı tərəfdaş, enerji təhlükəsizliyinin mühüm təminatçısı və müasir geosiyasi reallığın qurucularından biri kimi önəmli rolunun daha bir təsdiqi oldu. Bu səfər Azərbaycanın siyasi çəkisini, diplomatik fəallığını, iqtisadi resurslarını və hərbi-sənaye təşəbbüslərini yeni mərhələyə daşıyan tarixi hadisə kimi yadda qaldı.
Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, cənab Prezident İlham Əliyev bəyanatında Slovakiya ilə Azərbaycan arasında münasibətləri “sözün əsl mənasında dostluq və strateji tərəfdaşlıq” kimi qiymətləndirdi. Bu da təsadüfi deyil. İki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə təbii ki, əməkdaşlığı ən yüksək siyasi zirvəyə qaldırıb. Bu gün artıq təkcə diplomatik jestlərdən deyil, bütün sahələri əhatə edən real nəticələrdən danışırıq. Birgə iqtisadi işçi qrupun fəallığı artır, energetika, sənaye, müdafiə, texnologiya və nəqliyyat sahələri üzrə koordinasiya genişlənir, müştərək komandalar hər istiqamətdə konkret layihələr həyata keçirir. Bu, Azərbaycan diplomatiyasının çevikliyinin, cənab Prezident İlham Əliyevin xarici siyasət strategiyasının düşünülmüş və planlı ardıcıllığının bariz nümunəsidir. Cənab Prezident İlham Əliyevin bəyanatında səsləndirdiyi faktlar Azərbaycanın enerji gücünün təkcə regional deyil, qlobal strateji əhəmiyyətə malik olduğunu bir daha sübut edir.
Bu gün Azərbaycan 14 ölkəyə təbii qaz göndərir, boru kəmərləri ilə ixrac edilən qazın təchizatçısı olaraq dünyada birinci yerdədir, 25 milyard kubmetrlik illik qaz ixracının yarısını Avropa İttifaqına üzv ölkələr alır və Slovakiya da bu enerji xəritəsinin mühüm parçasına çevrilir. Slovakiya üçün Azərbaycan qazı sadəcə enerji deyil həm də təhlükəsizliyin, sabitliyin və strateji müstəqilliyin təminatıdır. Bu, Avropanın enerji xəritəsində Azərbaycanın əvəzolunmaz rolunun daha da güclənməsi deməkdir. Yeni yataqların işlənməsi sayəsində həcmlər artacaq, Slovakiya və region ölkələri üçün genişlənən enerji təminatı yeni mərhələ açacaq. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyi sisteminin sütunlarından birinə çevrilib. Bu isə cənab Prezident İlham Əliyevin uzaqgörən enerji diplomatiyasının parlaq nailiyyətidir. Azərbaycanın hərbi doktrinası açıqdır: məqsəd müharibə aparmaq deyil, sülhü qorumaqdır. Bu yanaşma Slovakiya ilə müdafiə sənayesi əməkdaşlığında da öz əksini tapır. Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə-sənaye imkanlarının birləşməsi yeni hərbi-sənaye məhsullarının istehsalı, dünya bazarlarına çıxış, texnoloji tərəqqi kimi sahələrdə unikal fürsətlər yaradır. Bu əməkdaşlığın geosiyasi rəmzi isə daha dərin məna daşıyır. 8 noyabr – Qələbə Gününün beşilliyində Slovakiyanın yüksək səviyyəli nümayəndə heyətinin Bakıda iştirakı unudulmayacaq tarixdir. Bu, təkcə hörmət jesti deyil, Slovakiyanın Azərbaycanın haqq mübarizəsinə, suverenliyinə və regiondakı yeni geopolitik reallıqlara verdiyi dəyərin göstəricisidir. Cənab Prezident İlham Əliyev Slovakiyanın inkişafı, sabitliyi və ən əsası, müstəqil xarici siyasət yürütməsi barədə xüsusi hörmətlə danışdı. Bu, iki ölkəni bir-birinə yaxınlaşdıran ən mühüm faktorlardan biridir. Qərarın məhz Brüsseldə yox, Bratislavada verilməsi, dəyərlərin diktə ilə deyil seçimlə müəyyənləşməsi, prinsipial mövqelərdən geri çəkilməmək bəyanatda xüsusi vurğulanıb. Azərbaycan da eyni prinsiplərlə idarə olunan dövlətdir, müstəqil siyasəti, öz yolunu seçmək, milli maraqlara söykənən diplomatik fəlsəfəsi var. Bu baxımdan Bakı ilə Bratislava arasında ideoloji yaxınlıq möhkəmdir və davamlıdır. Cənab Prezident İlham Əliyev haqqlı olaraq bildirdi ki, Azərbaycan artıq Şərqlə Qərb arasında unikal körpü rolunu oynayır. Bu körpü təsadüfi yaranmayıb, illərlə qoyulmuş sərmayələrin, həyata keçirilmiş irimiqyaslı infrastruktur layihələrinin nəticəsidir. Bu gün Orta Dəhliz adlandırdığımız layihənin ən etibarlı, ən təhlükəsiz hissəsi məhz Azərbaycan ərazisindən keçir. Yeni limanlar, dəmir yolları, avtomobil magistralları, logistika mərkəzləri Azərbaycanı Avrasiyanın nəqliyyat mərkəzinə çevirib. Slovakiya ilə nəqliyyat sahəsində əməkdaşlıq bu mənzərəni daha da genişləndirəcək və Avropanın nəqliyyat xəritəsində yeni xəttin formalaşmasına səbəb olacaq. Azərbaycan yalnız enerji ölkəsi deyil. Artıq informasiya texnologiyalarına böyük sərmayə yatıran, süni intellekt ekosistemini genişləndirən güclü bir aktordur. Cənab Prezident İlham Əliyevin bəyan etdiyinə kimi hazırda istifadəsiz 2 giqavat enerji potensialı mövcuddur. 5 il ərzində bu göstərici 8 giqavata yüksələcək. Bu isə Azərbaycanın regional data mərkəzləri habına çevrilməsinə şərait yaradır. Iqlimin əlverişliliyi, enerji bolluğu və geosiyasi yerləşmə Azərbaycanın qlobal texnoloji xəritədə yeni mövqeyini müəyyən edir. Slovakiya şirkətləri ilə bu sahədə əməkdaşlıq isə kompüter texnologiyaları, məlumat axını və süni intellekt infrastrukturunda böyük sıçrayışa yol açacaq.
Slovakiya səfəri Azərbaycanın gücünün, cənab Prezident İlham Əliyevin liderliyinin və yeni geosiyasi çağırışlara cavab verən diplomatiyanın təntənəsidir. 8 dekabr 2025-ci il səfəri bir daha sübut etdi ki, Azərbaycan Avrasiyanın enerji, regionun ən etibarlı nəqliyyat və logistika mərkəzidir. Azərbaycan müasir müdafiə sənayesi əməkdaşlığının aparıcı aktorudur. Azərbaycan texnoloji tərəqqini idarə edən, süni intellekt dövrünə hazır olan dövlətdir. Azərbaycan diplomatiyası müstəqildir, çevikdir və uzunmüddətli hədəflərə yönəlib. Cənab Prezident İlham Əliyevin Slovakiya açıqlamaları Azərbaycanın gələcək illərdə Avropa siyasi coğrafiyasında daha da güclənəcəyinin, regionun strateji təhlükəsizlik sistemində əsas oyunçu olaraq qalacağının parlaq nümayişidir. Bu səfər bir daha göstərdi ki, Azərbaycan yalnız iştirakçı deyil, prosesləri müəyyən edən və istiqamətləndirən lider dövlətdir-deyə Şahin Seyidzadə fikrini yekunlaşdırıb.