Ermənistan parlamentinin sədri Alen Simonyan azərbaycanlı həmkarı ilə geniş tərkibdə Ermənistan və Azərbaycan parlamentariləri arasında təmaslar məsələsinin müzakirəsini istisna etməyib.
APA “Armenpress”ə istinadən xəbər verir ki, o, daim təmaslar üçün bütün beynəlxalq platformalardan istifadə etməyə çalışdıqlarını, azərbaycanlı həmkarının da bu təmasların məntiqi ilə bağlı müsbət fikirdə olduğunu bildirib.
“Hələlik heç bir söhbət olmasa da, İstanbulda keçiriləcək Parlamentlərarası İttifaqın konfransı çərçivəsində mənimlə Azərbaycan Milli Məclisinin sədri arasında gələcək təmasların olacağını güman edirəm. Biz də öz məntiqimizi müzakirə etməyə davam edəcəyik, artıq beynəlxalq kontekstdə olan istənilən formatda əlaqələrimizi genişləndirəcəyik”, - Simonyan qeyd edib.