Bakı, 10 dekabr, AZƏRTAC
İnsan həyatında baş verən neqativ hadisələrdə cəmiyyət bunu emosional şəkildə qınayır, dövlət isə qanunla reaksiya verir. Hadisənin düzgün araşdırılması və ədalətli qərar verilməsi üçün emosiyaları kənara qoyub, peşəkar şəkildə vəziyyəti qiymətləndirmək vacibdir.
AZƏRTAC xəbər verir ki, hüquq sahəsində ən kiçik söz və termin dəqiqliyi belə böyük əhəmiyyət daşıyır. Bir sözün yanlış başa düşülməsi, oxşar anlayışların qarışdırılması insanlarda çaşqınlıq yarada bilir. Cinayət hüququnda isə bu qeyri-dəqiqlik birbaşa insan taleyinə təsir edə bilər. Belə anlayışlardan biri də “həbs” sözüdür və çox vaxt fərqli mənalarda işlədildiyi üçün qarışıqlıq yaradır.
Həbs nədir?
Həbs - insanın azadlığının məhdudlaşdırılması deməkdir. Lakin bu məhdudlaşdırma fərqli mərhələlərdə fərqli məqsədlərlə tətbiq oluna bilər.
Həbs yalnız məhkəmə qərarı ilə tətbiq edilir.
1. Araşdırma dövründə həbs – müvəqqəti tədbirdir
Hadisə baş verdikdən sonra dövlətin əsas məqsədi onu törədən şəxsi tapmaqdır. Şəxs müəyyən ediləndən sonra belə suallar yaranır, həmin şəxs:
• Araşdırmanı pozmağa cəhd edə bilərmi?
• Qaça və gizlənə bilərmi?
• Sübutları məhv edə bilərmi?
• Başqa təhlükəli hərəkətlər edə bilərmi?
Əgər bu və qanunvericilikdə göstərilmiş digər risklər varsa, həmin şəxs müvəqqəti olaraq həbs edilir. Burada həbs cəza deyil, sadəcə araşdırmanın normal aparılması üçün şəxsin müəyyən müddət cəmiyyətdən kənar saxlanmasıdır.
Yəni bu mərhələdə həbs-qətimkan tədbiridir, məqsəd isə araşdırmanı qorumaqdır, şəxsi cəzalandırmaq deyil.
2. Məhkəmə hökmündən sonra həbs – cəzanın icrasının təmin edilməsi
Araşdırma bitdikdən sonra iş məhkəməyə göndərilir. Məhkəmə sübutlara baxır və şəxsin təqsirini müəyyən edəndən sonra ona cəza təyin edir. Əgər təyin olunan cəza azadlıqdan məhrumetmədirsə, bu zaman şəxs hökmü icra etmək üçün həbs olunur.
Bu mərhələdə həbsin məqsədi artıq tamam başqadır-məhkəmənin verdiyi cəzanı icra etməkdir.
Burada şəxs müvəqqəti yox, islah olunmaq üçün cəmiyyətdən təcrid edilərək həbs olunur.
Vacib suallardan biri də budur ki, iki həbs tədbiri bir-biri ilə əlaqəlidirmi?
Cavab:Xeyr, əlaqəli deyil:
• İstintaq zamanı, araşdırma dövründə həbs edilməmək, aparılan işin yekununda şəxsin cəzalandırılmaq üçün həbs edilməyəcəyi anlamına gəlmir.
• Əgər məhkəmə onun təqsirini sübut edərsə və cəza olaraq azadlıqdan məhrumetmə təyin edilərsə, bu cəzanın icra olunması üçün şəxs həbs ediləcək.
Yəni:
İstintaq zamanı həbs olunmamaq, sonradan həbs edilməyəcəyi demək deyil.
Nəticə
Bir ifadə olaraq “həbs” iki fərqli mərhələdə iki fərqli məqsəd üçün tətbiq olunur:
1. İstintaq dövründə həbs – araşdırmanın təhlükəsizliyi üçün müvəqqəti tədbir;
2. Məhkəmə hökmü ilə həbs – təqsir sübuta yetiriləndən sonra cəzanın icrasının təmin edilməsidir.
Bu iki həbs arasında hüquqi əlaqə yoxdur və biri digərinə təsir etmir.