AZ

“Şair nəğmə kimi gəlir cahana” - Fikrət Qocanın 90 illik yubileyi qeyd olunub

Ağdaş, 10 dekabr, Rəşad Türkoğlu, AZƏRTAC

Ağdaşda Xalq şairi Fikrət Qocanın anadan olmasının 90 illik yubileyinə həsr edilmiş “Şair nəğmə kimi gəlir cahana” adlı tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyinin Ağdaş bölməsinin sədri Fəxrəddin Əsəd, gənclər, ziyalılar, eləcə də şairin ailə üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla anıblar.

Ağdaş Rayon İcra Hakimiyyəti və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin rəsmi hissəsində çıxış edənlər şairin zəngin ədəbi irsi, poeziyamıza gətirdiyi yeniliklər, ədəbi mühitdəki yeri və təsiri haqqında fikirlərini bölüşüb, onun əsərlərinin milli ədəbiyyatın inkişafında oynadığı əvəzsiz rolu qeyd ediblər. Həmçinin şairin yubileyinin qeyd olunmasına dair Prezidentin müvafiq sərəncamının onun yaradıcılığına verilən yüksək dəyərin bariz nümunəsi olduğu vurğulanıb.

Bildirilib ki, Fikrət Qoca öz yaradıcılığı ilə həm milli ədəbiyyatın inkişafına, həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə mühüm töhfələr verib, əsərlərində humanist dəyərləri təbliğ edib. Şairin əsərləri bu gün də oxucular və gənc istedadlar üçün ilham mənbəyidir və Azərbaycan poeziyasının inkişafında nümunə təşkil edir.

Tədbirin bədii hissəsində Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Mədəniyyət mərkəzlərinin əməkdaşları tərəfindən səhnəcik nümayiş etdirilib, şairin şeirləri, eləcə də onun sözlərinə bəstələnmiş nəğmələr səsləndirilib.

Qeyd edək ki, 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olan Fikrət Qoca ədəbi yaradıcılığa kiçik yaşlarından meyil göstərib. O, 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərib, Azərbaycan Yazıçılar Birliyində beynəlxalq əlaqələr üzrə məsul katib olub.

Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapıb. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olub, həmin ölkələrdə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr edib, o cümlədən Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara ("Ünvansız məktublar"), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabral ("Amilkar Kabral"), Filippinin milli qəhrəmanı Xose Risal ("Xose Risal"), vyetnamlı gənc Li Vi Tom ("Li Vi Tom") və b. haqqında poemalar yazıb. 1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Onun bir sıra nəsr əsərləri də var. "Ölüm ayrılıq deyil", "Hələlik,-qiyamətədək" povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri öz əksini tapıb.

Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis, İ.Volker, X.Risal, İ.Taufer və başqalarından tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunub.

Şeirlərinə musiqilər bəstələnib ("Anacan, dostum evlənir", "Könlüm", "Günay", "Gəl ey səhər", "Çiçək tapa bilmədim", "Gecə yaman uzundur", "Payız gəldi" və s.). Onun mətni əsasında yazılan musiqi əsərləri tanınmış müğənnilərin repertuarına daxil edilib.

Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə 1968-cı ildə Azərbaycan Komsomolu mükafatına, 90-cı illər yaradıcılığına görə "Humay" mükafatına (1998) layiq görülüb. Fikrət Qocanın uzunmüddətli səmərəli yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilib. O, “Əməkdar incəsənət xadimi” və “Xalq şairi” fəxri adlarını alıb, Azərbaycan Respublikasının ali dövlət təltiflərindən olan “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə, Dövlət mükafatına və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.

Bu günə qədər şairin "Qağayı", "Hamıya borcluyam", "Stixi", "Dənizdə ay çiməndə", "Od gəlini", "Yatmadığım gecələrdə", "Günlərin bir günü", "Gül ömrü", "İnsan xasiyyəti", "Ömürdən səhifələr", "Mavi dünyanın adamları", "Taleyin ağır taleyi", "Seçilmiş əsərləri", "Eldən elə - dildən dilə", "Sükutun səsi" və s. kitabları oxucuların ixtiyarına verilib.

Xalq şairi 2021-ci il mayın 5-də, 85 yaşında vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

Seçilən
47
azertag.az

1Mənbələr