AZ

“Qarabağ” bu gün Azərbaycan xalqını sevindirəcək-PROQNOZ

"Bugünki oyunla bağlı əvvəlcə təəssüf hissimi bildirim: Nigeriyaya yola düşdüyüm üçün matça baxa bilməyəcəyəm. Bu, məni həqiqətən məyus edir, çünki “Qarabağ” üçün olduqca vacib qarşılaşmadır və mən də bu oyunu böyük maraqla izləmək istəyirdim. Daha əvvəl də qeyd etmişdim ki, “Qarabağ” üçün həlledici oyunlar məhz “Ayaks” və “Ayntraxt Frankfurt”la görüşlərdir. Hesab edirəm ki, bu iki oyundan ümumilikdə dörd xal qazana bilsək, komanda növbəti mərhələyə çıxacaq".

Bu fikirləri Redaktor.az-a açıqlamasında "Kəpəz"in keçmiş baş məşqçisi, premyer liqa təcrübəli Etibar İbrahimov bu axşam Çempionlar Liqası çərçivəsində "Qarabağ"la "Ayaks" arasında keçiriləcək oyundan gözləntilərindən danışarkən bildirdi.

"“Qarabağ”da əhval-ruhiyyə yaxşıdır. Çempionlar Liqasının öncəki mərhələsində "Napoli" qarşısında məğlub olsalar da, komanda sona qədər mübarizə apardı. İndi isə dolu stadion, ev oyunu və yüksək motivasiya var. Əlbəttə ki, “Ayaks”ın altı futbolçusunun oynamayacağı müəyyən təsir göstərəcək, lakin biz bilirik ki, “Ayaks” Hollandiya futbolunun ənənəli və ən güclü komandalarından biridir. Onlar daim yüksək səviyyəli futbolçular yetişdiriblər və Avropada da sözünü demiş bir klubdur. Daha əvvəl “Ayaks”la qarşılaşıb məğlub olmuşuq, amma düşünürəm ki, bugünkü oyunun “Qarabağ” üçün nə qədər önəmli olduğunu bütün klub ailəsi dərk edir".

Mütəxəssisin fikrincə, komandamız tam şəkildə oyuna köklənəcək və hazır olacaq.

"Baş məşqçi də daxil olmaqla bütün heyət bunun üçün çalışır. Eyni zamanda arzu edirəm ki, futbolçular motivasiyanın yüksəkliyindən özlərini yandırmasınlar, səbirli və təmkinli futbol sərgiləsinlər. Hava şəraitini də nəzərə alsaq, hər iki tərəfdən daha çox hücum futbolu görəcəyik. “Qarabağ” qələbə qazanmaq istəyir, “Ayaks”ın isə itirəcəyi bir şey olmadığı üçün daha açıq futbol oynayıb qalib gəlməyə çalışacaq. Qısası, bizi həqiqətən maraqlı bir oyun gözləyir. Və çox inanıram ki, “Qarabağ” bu gün üç xal qazanaraq bütün Azərbaycan xalqını sevindirəcək və növbəti mərhələnin qapılarını açacaq", - deyə Etibar İbrahimov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Seçilən
77
1
redaktor.az

2Mənbələr