AZ

Politoloq: Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşdırıb

Bakı, 10 dekabr, Səbinə Əlizadə, AZƏRTAC

Azərbaycanın son illərdə həyata keçirdiyi çoxvektorlu və balanslaşdırılmış xarici siyasəti Cənubi Qafqazda tamamilə yeni siyasi situasiya yaradıb. Regional və qlobal güclərin maraqlarını uzlaşdıran bu siyasət ölkəmizin həm regionda, həm də beynəlxalq müstəvidə nüfuzunu əhəmiyyətli dərəcədə artırıb.

Bunu AZƏRTAC-a açıqlamasında politoloq Azad Məsiyev bildirib.

Politoloqun sözlərinə görə, Azərbaycan hazırda Cənubi Qafqazda tam müstəqil qərar verən, siyasi kursunu özü müəyyən edən və çoxşaxəli əməkdaşlıq xətti aparan yeganə dövlətdir: “Azərbaycan həm şimalla, həm cənubla, həm şərqlə, həm də qərblə əlaqələrini paralel və balanslı şəkildə inkişaf etdirir. Bu siyasət nəticəsində ölkəmizdə stabil dövlət modeli formalaşıb və bu sabitlik iqtisadi inkişaf, sərmayələrin cəlbi və regional təhlükəsizliyin təmin olunması üçün əsas faktorlardan birinə çevrilib”.

Azad Məsiyev bildirib ki, Azərbaycanın həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq platformalarında fəal iştirakı ölkəmizin beynəlxalq çəkisini daha da artırır: “Azərbaycan Müstəqil Dövlətlər Birliyi çərçivəsində çoxtərəfli əməkdaşlıq aparır, Türk Dövlətləri Təşkilatında əsas təşəbbüskar dövlətlərdən biridir. Eyni zamanda, Avropa ilə əməkdaşlıq xətti də güclənir və Azərbaycan bu gün Avropa İttifaqının 10-dan artıq ölkəsinin enerji təhlükəsizliyini təmin edən strateji tərəfdaşdır”.

Politoloqun sözlərinə görə, Avropa İttifaqında bəzi dövlətlərin xüsusən Fransanın anti-Azərbaycan mövqeyi fonunda Slovakiya kimi tərəfdaş ölkələrlə münasibətlərin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir: “Avropada dost dövlətlərin sayının artması Azərbaycanın söz sahibi kimi güclənməsinə və qərəzli yanaşmaların qarşısının alınmasına mühüm töhfə verir. Prezident İlham Əliyevin Slovakiyaya səfəri də məhz bu baxımdan strateji addımdır”.

Azad Məsiyev Vətən müharibəsindən sonra yaranmış yeni regional vəziyyətə də toxunub. O qeyd edib ki, Şimal-Cənub və Orta Dəhliz, eləcə də Zəngəzur dəhlizinin açılması istiqamətində aparılan danışıqlar Azərbaycanın qlobal tranzit xəritəsində artan rolunu təsdiqləyir: “Zəngəzur dəhlizi ərazi baxımından Ermənistanın ərazisindən keçsə də, bu marşrutun açılması birbaşa Azərbaycanın iradəsindən asılıdır. Azərbaycan vətəndaşlarının təhlükəsiz gediş-gəlişi təmin edilməsə, bu dəhlizin işlək vəziyyətə gətirilməsi mümkün deyil. Bakı bu məsələdə həm beynəlxalq hüquqa əsaslanır, həm də haqlı mövqeyini açıq şəkildə ifadə edir”.

Ekspert qeyd edib ki, regionda vəziyyətin dəyişməsi fonunda yalnız Azərbaycan müstəqil və sabit siyasət aparmaq gücündədir: “Gürcüstan bu gün həm Rusiya ilə gərginlik yaşayır, həm də Avropanın təzyiq mexanizmləri arasında balans yaratmağa çalışır. Ermənistan isə ABŞ və digər xarici qüvvələrin təsiri altında Rusiya ilə münasibətlərində qeyri-sabit kurs yürüdür. Belə şəraitdə yeganə balanslaşdırıcı güc kimi çıxış edən dövlət Azərbaycandır”.

Politoloq əlavə edib ki, Azərbaycan qonşularla dinc yanaşı yaşamaq prinsipinə sadiqdir və dövlətimizin başçısının siyasəti regionda sabitliyin möhkəmlənməsinə və əməkdaşlığın genişlənməsinə xidmət edir: “Qazaxıstan və Rusiya taxılının Azərbaycan üzərindən Ermənistana daşınmasına icazə verilməsi də məhz Azərbaycanın sülhpərvər mövqeyinin nümunəsidir. Prezident İlham Əliyev bölgədə dinc yanaşı yaşama prinsipini rəhbər tutur və bunu real addımlarla nümayiş etdirir. Azərbaycanın çoxşaxəli, çoxvektorlu xarici siyasəti həm regional sabitliyə, həm də qlobal siyasi proseslərə real təsir edir və ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirir”.

Seçilən
37
azertag.az

1Mənbələr