AZ

Ekstremal istilər barədə xəbərdarlıq: temperaturun artması azyaşlı uşaqların inkişafına zərər verir – Araşdırma

Bakı, 10 dekabr, AZƏRTAC

Alimlər xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyinin yaratdığı anomal istilər dövrü uşaqlarda erkən inkişafı ləngidə bilər. İqlim böhranı gücləndikcə uşaqların həddindən artıq istilərdən “təcili” müdafiəyə ehtiyacı var.

AZƏRTAC “Euronews”a istinadla xəbər verir ki, Nyu-York Universitetinin yeni araşdırmasına görə, normadan yüksək temperatura məruz qalan uşaqlar temperaturu daha aşağı olan bölgələrdə yaşayanlarla müqayisədə erkən inkişaf mərhələlərində gecikmələr yaşaya bilərlər.

Bu nəticələr Aİ yanında “Copernicus” xidmətinin alimlərinin açıqlaması fonunda səsləndirilib: 2025-ci il ola bilər ki, müşahidələr tarixində ikinci və ya üçüncü ən isti il olacaq. Yanvar-noyabr aylarında orta qlobal temperatur sənaye dövründən əvvəlki səviyyədən 1,48°C yüksək olub.

“Journal of Child Psychology and Psychiatry” nəşrində dərc olunan yeni araşdırmada Qambiya, Gürcüstan, Malavi, Madaqaskar, Fələstin və Syerra-Leonedən olan 19 min 607 üç-dörd yaşlı uşaq təhlil edilib.

Bu ölkələr uşaqların inkişaf xüsusiyyətləri, ev təsərrüfatları amilləri və iqlim haqqında ətraflı məlumatlara görə seçilib.

Məlum olub ki, 30°C-dən yuxarı orta maksimum temperatura məruz qalan uşaqlarda eyni bölgədə və mövsümdə 26°C-dən aşağı temperatura məruz qalan uşaqlarla müqayisədə savadlılıq və hesablama sahəsində əsas inkişaf mərhələlərinə çatma ehtimalı 5-6,7% daha azdır.

Bu təsirlər iqtisadi cəhətdən əlverişsiz ailələrdən olan uşaqlar, eləcə də təmiz suya çıxışı az olan ev təsərrüfatlarında və şəhər yerlərində “özünü daha çox göstərib”.

“Bu təsirləri izah edən mexanizmləri və uşaqları qoruyan və ya onların həssaslığını artıran amilləri müəyyən etmək üçün təcili olaraq daha çox tədqiqata ehtiyacımız var. Bu cür iş iqlim dəyişikliyi gücləndikcə hazırlığı, uyğunlaşmanı və dayanıqlığı gücləndirəcək siyasət və tədbirlər üçün konkret hədəfləri müəyyən etməyə kömək edəcək”, - deyə aparıcı müəllif Xorxe Kuartas bildirir.

Erkən inkişaf təhsil, fiziki və zehni sağlamlıq və ümumi rifah üçün təməl qoyduğundan Kuartas xəbərdarlıq edir: bu nəticələr tədqiqatçıların, siyasətçilərin diqqətini “getdikcə istiləşən dünyada uşaq inkişafını qorumağa təcili zərurətə” yönəltməlidir.

İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspertlər Qrupunun (IPCC) məlumatına görə, insanın səbəb olduğu iqlim dəyişmələri 1950-ci illərdən bəri istilik dalğalarının tezliyini və intensivliyini artırıb və artıq 0,5°C qlobal istiləşmə “hiss oluna bilən artıma" səbəb ola bilər.

Bu yay iqlim dəyişikliyi 854 Avropa şəhərində temperaturu 3,6°C (58°F) artırıb. London İmperial Kolleci və London Gigiyena və Tropik Təbabət Məktəbinin tədqiqatçıları bu yay Avropada təxminən 24 min 400 insanın ekstremal temperaturdan öldüyünü müəyyən ediblər.

Lakin insan fəaliyyətinin yaratdığı istiləşmə olmasaydı, bu ölümlərin 16 min 500-dən qaçmaq mümkün olardı, yəni iqlim dəyişikliyi həddindən artıq ölüm hallarının 68%-nin səbəbi olub.

London İmperial Kollecindən olan doktor Kler Barnsın sözlərinə görə, bu rəqəm çox böyük görünməsə də, tədqiqat göstərir ki, cəmi bir neçə dərəcə “minlərlə insan üçün həyat və ölüm” arasındakı fərqə çevrilə bilər. Bu, iqlim dəyişikliyinin sonraya qədər təxirə salına biləcək bir problem olmadığına dair daha bir xatırlatmadır”, - deyə o əlavə edir.

Seçilən
22
azertag.az

1Mənbələr