Rusiyada saxta spirtli içki içdikdən sonra iki kişi ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Qarajda hazırlanan ölümcül qarışıq 1200 litrdən çox müsadirə edilib, gizli sex ifşa olunub.
Leninqrad vilayətinin Qatçina rayonunun Kommunar şəhərində iki kişinin meyiti tapılıb. Meyitlərin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Ekspertiza onların etilenqlikol zəhərlənməsindən öldüyünü müəyyən edib.
Polis əməkdaşları şübhəli qismində 72 yaşlı qadını saxlayıblar. Ehtimala görə, ölən şəxslər saxta içkini (surroqat) məhz ondan alıblar.
Aparılan axtarış tədbirləri nəticəsində izlər Sankt-Peterburqdan olan iki kişiyə gətirib çıxarıb.
Məlum olub ki, onlar qarajlarda gizli spirtli içki istehsalı təşkil ediblər. Reyd zamanı 1200 litrdən çox saxta alkoqol müsadirə edilib.
Faktla bağlı ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi açılıb.
Xuraman Etibarlı
İnterpress.az