AZ

"3+3" görüşü niyə ləngiyir?

Azərbaycan “3+3” formatına ev sahibliyi etməyə hazırdır. Bu barədə xarici işlər naziri Ceyhun Bayramov açıqlama verib. İranın xarici işlər naziri Abbas Əraqçı da formatın əhəmiyyətini vurğulayıb. Ötən ay isə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “3+3” platformasının Cənubi Qafqaz ölkələri üçün vacib olduğunu bildirib. Bəs görüşün ləngiməsinə nə səbəb olur və onun baş tutması regiona necə təsir göstərə bilər? Siyasi şərhçi Abutalıb Səmədov Metbuat.az-a açıqlamasında bildirib ki, 3+3 formatı bölgə problemlərinin müzakirəsi üçün nəzərdə tutulan bir platformadır. Ekspert qeyd edib ki, Gürcüstan bu formatda müzakirələrdə ABŞ-nin icazə verməməsi səbəbindən iştirak etməyib. Lakin böyük ehtimalla Bakıda keçiriləcək görüşdə Gürcüstan da prosesə qoşulacaq, çünki son dövrdə ölkənin xarici siyasət kursunda ciddi dəyişikliklər müşahidə olunur: “Bu format əsasən bölgədə iqtisadi əməkdaşlıq və təhlükəsizlik məsələlərini müzakirə etmək üçün yaradılıb. İndiyə qədər keçirilən görüşlər ciddi nəticələr vermədiyi üçün müəyyən fasilələrlə baş tutub. Çünki hər dövlətin prioritet hesab etdiyi məsələlər fərqlidir və bu fərqlər bəzən normal müzakirələrin aparılmasını çətinləşdirir. İran və Rusiyanın tutduğu mövqelər də prosesin səmərəliliyinə təsir edir. Məhz bu səbəbdən indiyə qədərki görüşlər arzu olunan səviyyədə olmayıb”. A.Səmədovun fikrincə, 3+3 formatı çərçivəsində növbəti görüşlər bölgə üçün daha əhəmiyyətli qərarların qəbul edilməsinə şərait yaradacaq. Lakin bunun üçün ilk növbədə İran mövqeyini yenidən nəzərdən keçirməlidir: “Xüsusilə, İranın Zəngəzur dəhlizinə qarşı çıxması bölgədə iqtisadi əməkdaşlığa ciddi maneə yaradır. Eyni zamanda, Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tam gücü ilə işləməməsinin əsas səbəbkarlarından biri də məhz İrandır. Təhlükəsizlik məsələlərinə yanaşmalar da fərqlidir. Rusiya və İran ABŞ və Avropanın bölgədə nüfuzunun artmasına qəti şəkildə etiraz edir, həmçinin Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsini qısqanclıqla qarşılayır. Bu fərqli yanaşmalar səbəbindən hələ də arzu olunan nəticələr əldə olunmayıb. Ümid edək ki, Bakıda Xarici İşlər Nazirləri səviyyəsində keçiriləcək tədbir 3+3 formatı üçün bir dönüş nöqtəsinə çevriləcək və daha ciddi nəticələrin əldə olunmasına imkan yaradacaq”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
45
1
metbuat.az

2Mənbələr