
İsveçrənin iqtisadiyyat naziri Gi Parmelen Federal Məclisin hər iki palatasının deputatları tərəfindən 2026-cı il üçün prezident seçilib.
AFN.az xəbər verir ki, bu barədə ölkə parlamentinin rəsmi səhifəsində məlumat verilib.
İsveçrədə prezident dövlət başçısı deyil: bu səlahiyyət ölkənin Federal Şurası tərəfindən kollektiv şəkildə həyata keçirilir. Prezidentlik vəzifəsi yeddi nazirdən ibarət hökumətin üzvləri arasında illik növbə ilə icra olunur. 10 dekabrda keçirilmiş seçkilərin nəticəsi ölkənin hökumətində təmsil olunan dörd böyük partiyanın konsensusuna əsaslanıb. Hər il dəyişən prezident rotasiyası ölkə siyasətinə təsir etmir, çünki bütün əsas qərarlar kollektiv şəkildə qəbul olunur. Səs bərabərliyi halında isə prezidentin rəyi həlledici olur.
Sağ-mərkəzçi İsveçrə Xalq Partiyasını təmsil edən Parmelen 210 deputatdan 203-nün səsini qazanıb. O, 1 yanvardan vəzifəyə başlayacaq və 2026-cı il ərzində həm prezident səlahiyyətlərini, həm də iqtisadiyyat naziri vəzifəsini icra edəcək.
İsveçrə ictimai rəyi Parmelenin bu vəzifəni yüksək səviyyədə tamamladığını bildirirr. O, bu il ərzində əvvəlki prezident və maliyyə naziri Karin Keller-Zutterin (Azad Demokratik Partiya, Liberallar) uğursuz olduğu ABŞ-İsveçrə münasibətlərindəki gərginliyi yumşaltmaq və ABŞ-ın İsveçrə məhsullarına tətbiq etdiyi gömrük rüsumlarını 39%-dən 15%-ə endirmək sazişini əldə etməkdə fəal iştirak edib. Lakin razılaşmalar hələ qüvvəyə minməyib və onların taleyi mümkün referendum nəticəsindən də asılı olacaq.
Parmelenin ilk prezidentlik dönəmi 2021-ci ildə COVID-19 pandemiyasının ən pik nöqtəsinə təsadüf edib.