Bakı, 10 dekabr, Fidan Əlizadə, Orxan Kərimov, AZƏRTAC
“Bir əsrdən artıq yol” adlı sərgini təşkil etməkdə əsas məqsədimiz 105 illik tarixi olan təhsil müəssisəsinin bu gün də öz ənənələrini davam etdirdiyini göstərməkdir. Həmçinin orta ixtisas təhsili alan gənc tələbələrimizin akademik səviyyəyə yaxınlaşdıqlarını nümayiş etdirmək istəyirik.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin direktoru Elşad Əhmədov bildirib.
Direktor qeyd edib ki, sərgidə keramika, xalça, qrafika, heykəltəraşlıq və digər fakültələrə aid işlər təqdim olunub. O, əsərlərin 15–16 yaşlı tələbələrə məxsus olduğunu vurğulayıb.
Kollecin təşkil etdiyi “Mənim Vətənim, mənim kəndimdən başlayır” layihəsi barədə də məlumat verən E.Əhmədov deyib: “Layihəyə cari ilin yanvar ayından başlamışıq. Bölgələrə səfərlər etmişik. Məqsədimiz kommunikasiya imkanları məhdud olan, amma istedadlı gənclərlə əlaqə yaratmaq, onları tapmaq və kollecimizə təhsilə cəlb etməkdir. Bu layihə nəticəsində bölgələrdə sorğular və seçimlər apardıq. Burada gördüyünüz işlərin bəzilərinin müəllifləri həmin bölgələrdən üzə çıxartdığımız istedadlı gənclərdir. Onların bir çoxu sərgiyə şəxsən qoşulsa da, bəziləri gələ bilmədiyi üçün əsərləri burada nümayiş olunur. Bu sərgi həm onların özünə stimul olacaq, həm də digər gənclərə motivasiya verəcək”.