
Çin arxeoloqları ölkənin şimal-qərbindəki Şençji vilayətində 13 kilometr uzunluğunda qədim yol hissəsi aşkar ediblər.
AFN.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Bildirilir ki, yol əsasən hərbi məqsədlər üçün istifadə olunub və Çini ilk dəfə birləşdirən Qin sülaləsi dövründə (e.ə. 221–207) inşa edilib. Arxeoloqlar qeyd edirlər ki, tapılan hissə Qinçjidao adlanan yola aiddir və o imperator Qin Şihuangdi (e.ə. 259–210) əmri ilə salınıb.
Qədim yolun yaxınlığında tədqiqatçılar təxminən 2 min il əvvəl mövcud olmuş kiçik bir yaşayış məntəqəsinin qalıqlarını da aşkar ediblər. Mütəxəssislərin ehtimalına görə, burada poçt stansiyası və təmir bazası yerləşib.
Bu kəşf həmin dövrdə Çin ərazisində insanların hərəkət etdiyi əsas marşrutları daha dəqiq müəyyənləşdirməyə imkan verir.