Vyentyan, 10 dekabr, AZƏRTAC
Azərbaycan mənim ikinci vətənimdir. Hər gün Azərbaycanı, xüsusən də Bakını xatırlayıram. Bakı çox gözəl şəhərdir.
Bunu AZƏRTAC-a açıqlamasında Laos-Azərbaycan Dostluq Assosiasiyasının sədri, Laosun keçmiş energetika və mədənlər nazirinin müavini Thonqfat İnthavonq deyib.
Sovet dövründə Bakıda təhsil aldığını bildirən assosiasiya sədri əlavə edib ki, rəhbərlik etdiyi qurum vaxtilə Azərbaycanda təhsil alan laosluları birləşdirir. “Biz - Azərbaycanda təhsil alan tələblər hər il yığışırıq, Azərbaycan və Bakı haqqında danışırıq. Hamı Azərbaycanı çox yaxşı xatırlayır və çox da darıxır. İnanın, hər birimiz yenidən Azərbaycanı görmək istəyirik. Ümid edirik ki, assosiasiyamız iki ölkə arasında əməkdaşlığın dərinləşməsinə töhfə verəcək”, - deyə Thonqfat İnthavonq bildirib.
Laos-Azərbaycan Dostluq Assosiasiyasının iki ölkə arasında əməkdaşlığın və dostluğun dərinləşməsinə töhfə vermək üçün davamlı səylər göstərdiyini deyən sədr iki ölkə arasında əlaqələrin genişlənəcəyinə əminliyini vurğulayıb.
Qeyd edək ki, sovet dövründə təxminən 2 min laoslu Azərbaycanda təhsil alaraq, ölkələrinə mütəxəssis kimi qayıdıblar. Onların arasında dövlət qurumlarında yüksək vəzifələrdə çalışanlar, o cümlədən parlament sədrinin müavini, nazir, nazir müavini işləyənlər olub. Laos Xalq İnqilabi Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komitəsinin qərarı ilə 2019-cu ildə Laos-Azərbaycan Dostluq Assosiasiyası təsis edilib. Assosiasiyanın mütəmadi toplantıları keçirilir, bayram tədbirləri və “Bakılılar” adlı komanda ilə idman yarışları təşkil edir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Vyentyan