Avtomobil sahiblərinin eyni anda bir neçə şəxsə sürücülük üçün etibarnamə verməsi son illər daha çox yayılıb. Lakin ekspertlər bu praktikanın ciddi risklər yaratdığını bildirirlər. Bəs eyni anda bir neçə adama etibarnamə vermək nələrə gətirib çıxara bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyib ki, belə hallarda məsuliyyət məsələsi avtomobil sahibi üçün gözlənilməz problemlərə yol aça bilər.
Ekspertin sözlərinə görə, qanunvericiliyə əsasən, avtomobillə törədilən qayda pozuntuları sonuncu etibarnamə verilmiş şəxsə rəsmiləşdirilir:
“Adətən qanunla belədir ki, kimə sonuncu etibarnamə verilibsə, həmin adama cərimələr tətbiq edilir. Yəni burada ədalət prinsipi gözlənilmir və gözlənilə də bilməz. Avtomobillə edilən qayda pozuntusu son etibarnamə verilmiş şəxsin üzərinə yazılır.”
Mütəxəssis sürücülərə tövsiyə edir ki, avtomobildən istifadəyə dair səlahiyyət verməyi minimuma endirsinlər və yalnız güvəndikləri şəxslərə etibarnamə təqdim etsinlər.
Aynurə İsmayıl
KONKRET.az
