AZ

Qlobal borc rekorda qırdı

Qlobal borc bu ilin üçüncü rübündə təxminən 346 trilyon dollara yüksəlib.

"Cebheinfo.az" xəbər verir ki, Beynəlxalq Maliyyə İnstitutu (IIF) “Qlobal Borc Monitoru” hesabatını “Yeni bir borclanma dalğası yaxınlaşır:Bu dəfə fərqli ola bilərmi?” başlığı ilə yayımlayıb.

Hesabata görə, ümumi qlobal borc ilin ilk üç rübündə 26,4 trilyon dollardan çox artıb. Ümumi borc üçüncü rüb etibarilə təxminən 346 trilyon dollara çataraq yeni zirvəni göstərib. Qlobal borc ötən ilin eyni dövründə 327,5 trilyon dollar idi. Ümumi borcun qlobal ÜDM-ə nisbəti isə bu dövrdə 310%-ə yüksəlib.

Dövlət borclanmasının artması həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə borcları rekord səviyyəyə çıxarıb.

Borc artışı ABŞ və Çində cəmləşməkdə davam etsə də, ümumi artımın böyük hissəsi bu il əsas mərkəzi bankların monetar yumşalma siyasəti səbəbilə borclanmanın sürətlə yüksəldiyi inkişaf etmiş bazarlardan gəlib.

İnkişaf etmiş iqtisadiyyatların ümumi borcu ilin üçüncü rübündə 230,6 trilyon dollar, inkişaf etməkdə olan ölkələrdə isə 115,1 trilyon dollar olub.

ABŞ ilə yanaşı, Fransa, Almaniya və Böyük Britaniyada da böyük borc artımları qeydə alınıb.

İnkişaf etməkdə olan ölkələrdə isə Çindən sonra ən böyük borc artımı Braziliya, Rusiya, Koreya, Polşa və Meksikada müşahidə edilib.

Qlobal borcun bölgüsünə nəzər saldıqda, bu ilin üçüncü rübündə ailə borcları 64 trilyon dollara, maliyyəçi olmayan şirkətlərin borcları 99,3 trilyon dollara, dövlət borcları 105,8 trilyon dollara, banklar kimi maliyyə sektoruna aid şirkətlərin borcları isə 76,6 trilyon dollara yüksəlib.

ÜDM-ə nisbətə görə isə ailə borcları ötən ilin eyni dövrü ilə müqayisədə 58%-dən 57,3%-ə, maliyyəçi olmayan şirkət borcları 88,9%-dan 88,5%-ə, maliyyə sektoru borcları isə 70,2%-dən 69,3%-ə geriləyib. Eyni dövrdə dövlət borcları 93,4%-dən 95,4%-ə yüksəlib.

Qlobal borc artımı əsasən dövlət sektorunda cəmləşərkən, ən böyük artımlar Çin və ABŞ-də qeydə alınıb. Bu ölkələri Fransa, İtaliya və Braziliya izləyir.

Seçilən
18
cebheinfo.az

1Mənbələr