AZ

Prezident İlham Əliyevin Slovakiya səfəri ölkələrimiz üçün strateji əhəmiyyət daşıyır - Ekspert

Bakı, 10 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin dekabrın 8-də Slovakiyaya etdiyi rəsmi səfər Bakı ilə Bratislava arasında strateji tərəfdaşlığın yeni mərhələyə daxil olduğunu göstərir. Səfər çərçivəsində verilən bəyanatlar göstərdi ki, ölkələrimiz arasında münasibətlərin daha da dərinləşdirilməsi üçün həm siyasi iradə, həm də real iqtisadi potensial mövcuddur. Bir il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamədə nəzərdə tutulan münasibətlər Azərbaycan Prezidentinin indiki səfəri ilə yüksək səviyyəyə çatdırıldı və ölkələrimiz üçün yeni imkanlar açdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

O bildirib ki, Slovakiya enerji mənbələrinin şaxələndirilməsinə xüsusi əhəmiyyət verir və bu kontekstdə Azərbaycan etibarlı tərəfdaş kimi ön plana çıxır:”Prezident İlham Əliyevin açıqlamasına görə, Azərbaycan qazı artıq Slovakiyaya çatdırılır və Bakı Bratislavanın ehtiyac duyduğu istənilən həcmdə təchizatı təmin etməyə qadirdir. Azərbaycanın qaz ehtiyatları və yeni yataqların istismara verilməsi təkcə Slovakiyanın deyil, ümumilikdə Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyət daşıyır. Bir sözlə, imzalanan sənədlər Slovakiyaya şərait yaradır ki, enerji mənbələrini şaxələndirsin, Azərbaycan isə Avropa bazarında enerji ixrac imkanlarını genişləndirsin”.

Müşfiq Ələsgərli deyib ki, Azərbaycanın coğrafi mövqeyi, həmçinin son illər ərzində nəqliyyat sektoruna qoyulan böyük sərmayələr ölkəmizi Şərq-Qərb və Orta Dəhliz üzrə əsas tranzit mərkəzlərindən birinə çevirib. “Mərkızi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı, təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir. Slovakiyanın Azərbaycanla sıx münasibətləri onun yeni logistika imkanlarından faydalanmasına şərait yaradır. Azərbaycan isə Slovakiyanın müdafiə sənayesinə diqqət göstərir. Özüyeriyən artilleriya qurğuları, hərbi sursatlar və texnologiyalar üzrə ixtisaslaşmış Slovakiya ilə strateji əməkdaşlıq Azərbaycana imkan verir ki, hərbi təyinatlı məhsulların istehsalı, texnologiyanın ötürülməsi üzrə birgə proqramlar qursun, üçüncü ölkələrə ixrac imkanlarını artırsın. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu sahədə əməkdaşlıq hərbi məqsədlərdən çox sənayenin inkişafı, texnoloji tərəqqi və yeni məhsulların yaradılması baxımından əhəmiyyət daşıyır”,- deyə o əlavə edib.

Eskpertin sözlərinə görə, Azərbaycan-Slovakiya münasibətlərinin bu templə inkişaf etdirilməsi təkcə iqtisadi deyil, həm də siyasi mahiyyət daşıyır: “Bu münasibətlər dünyada və regionda formalaşan yeni geosiyasi reallıqlar fonunda xüsusi əhmiyyətə malikdir, ölkələrimizin yenidən dizayn edilən dünya düzənində layiqli yer tutması üçün imkanlar yaradır. Təsadüfi deyil ki, Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycan Prezidentinin səfərini “iki ölkənin qarşılıqlı marağını ən yüksək səviyyədə təmin edən siyasi hadisə” kimi dəyərləndirdi. Slovakiya Azərbaycanı Cənubi Qafqaz regionunda strateji əhəmiyyətə malik tərəfdaş hesab edir. Bununla yanaşı, böyük iqtisadi potensiala malik olması, enerji resursları və Asiya ilə Avropa arasında yerləşməsi Bratislavanın Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətini gücləndirir. Azərbaycan isə Slovakiyanı Avropa məkanında mövcud olan etibarlı tərəfdaş qismində qəbul edir”.

 

Seçilən
39
azertag.az

1Mənbələr