Bakı, 10 dekabr, Göyçək Mahmudlu, AZƏRTAC
COP30-un keçirilməsi zamanı müşahidə olunan hadisələr bir daha göstərdi ki, qlobal iqlim gündəminə rəhbərlik etmək, genişhəcmli tədbirləri koordinasiya etmək və yüzlərlə dövlət nümayəndə heyətini bir araya toplamaq ciddi hazırlıq, peşəkarlıq və institusional çeviklik tələb edir. COP30 çərçivəsində həm logistik, həm də idarəetmə baxımından müəyyən çatışmazlıqlar özünü göstərdi. Müzakirələrin ardıcıllığının pozulması, bəzi qərarların vaxtında yekunlaşdırılmaması, texniki qüsurlarla müşayiət olunan sessiyalar və maraqlı tərəflərin koordinasiyasında yaranan boşluqlar bu tədbirin ümumi nəticələrinə də təsir etdi. Nəticə etibarilə, COP30 iqlim dəyişikliyi ilə mübarizə sahəsində bəzi vacib məqamları gündəmdə saxlamasına baxmayaraq, gözlənilən strateji irəliləyiş tam olaraq əldə edilmədi. Xüsusilə də iqlim maliyyəsi, adaptasiya tədbirləri və texnologiya transferi kimi mühüm istiqamətlər üzrə daha konkret mexanizmlərin formalaşmaması COP30-un əsas zəif nəticələrindən biri kimi qiymətləndirilməlidir.
Bunu AZƏRTAC-a açıqlamasında deputat, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım deyib.
Deputatın sözlərinə görə, bu kontekstdə Türkiyənin COP31-ə sədrliyi xüsusi əhəmiyyət daşıyır. Qardaş ölkə olaraq Türkiyənin bu mühüm prosesə rəhbərlik etməsi regionumuzun qlobal iqlim gündəmində rolunu gücləndirmək üçün böyük fürsətdir.
Türkiyənin COP31-ə hazırlıq və təşkilati rəhbərlik zamanı Azərbaycanın əldə etdiyi uğurlu təcrübələrdən geniş şəkildə yararlana biləcəyini bildirən F.Yıldırım fikirlərinə belə davam edib: “Azərbaycanın COP29 sədrliyi dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildi. Biz ölkə olaraq sübut etdik ki, müasir logistika, şəffaf koordinasiya və diplomatik bacarıqlar sayəsində ən mürəkkəb beynəlxalq tədbirləri belə nümunəvi şəkildə təşkil etmək mümkündür. Azərbaycan COP29 zamanı çoxşaxəli beynəlxalq tərəfləri, o cümlədən dövlətləri, QHT-ləri, biznes seqmentini və ekspert icmalarını uğurla koordinasiya etməklə göstərdi ki, düzgün qurulmuş idarəetmə strukturu tədbirin keyfiyyətini birbaşa müəyyən edir. Biz qlobal iqlim razılaşmalarının formalaşmasına aktiv və təşəbbüskar mövqeyimizlə töhfə verdik. Ölkəmiz COP29 çərçivəsində yüksək standartlara uyğun logistika və infrastruktur təmin etməklə, dünya səviyyəsində qəbul edilən yeni təşkilati meyarlar yaradıb. Bu təcrübənin Türkiyə tərəfindən mənimsənilməsi COP31-in uğurla keçirilməsinə əhəmiyyətli dəstək ola bilər. Əminəm ki, Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyi iqlim platformasında da öz təzahürünü göstərəcək. Biz COP prosesinin həm regionumuz, həm də dünya ekosistemi üçün həyati əhəmiyyət daşıdığını bilirik və bu istiqamətdə Türk dünyasının birlik nümayiş etdirməsi qlobal səylərə ciddi töhfə verəcək. Azərbaycan olaraq, COP31-də Türkiyənin yanında olmaqdan, təcrübələrimizi bölüşməkdən və bu böyük missiyanın uğuruna dəstək verməkdən qürur duyacağıq. İnanıram ki, Türk dünyasının həmrəyliyi ilə COP31 qlobal iqlim gündəminə yeni nəfəs gətirəcək və dayanıqlı gələcəyə doğru əhəmiyyətli irəliləyiş təmin edəcək”.