Bakı, 10 dekabr, AZƏRTAC
Bu ilin yanvar-noyabr aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki Azərbaycan Sandartlaşdırma İnstitutu (AZSTAND) 249 yeni dövlət standartı qəbul edib.
AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, bu normativ sənədlər müxtəlif sahələr üzrə istehlak olunan məhsulların, məhsul istehsalı ilə bağlı proseslərin və istehsal metodlarının təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsinə, habelə məhsulların rəqabətqabiliyyətliliyinin artırılmasına və yeni texnologiyaların tətbiqinə şərait yaradır.
On bir ayda qida texnologiyası və kənd təsərrüfatı üzrə 48, tikinti materialları üzrə 9, informasiya, telekommunikasiya və elektrotexnika sahələri üzrə 30, neft-qaz və əlaqəli texnologiyalar üzrə 17, ətraf mühit üzrə 21, nəqliyyat sahəsi üzrə 9, idarəetmə və keyfiyyət üzrə 20, rezin və plastik sənaye üzrə 2, zərgərlik sahəsi üzrə 4, tekstil və dəri texnologiyası üzrə 16, əməyin təhlükəsizliyi sahəsi üzrə 60, metrologiya,ölçmə sistemləri və cihazlar üzrə 6, kimya texnologiyası sahəsi üzrə 3, qablaşdırma, kağız, karton sahəsi üzrə 3, səhiyyə və tibb sahəsində 1 dövlət standartı qəbul edilib.
Eyni zamanda, hesabat dövründə 84 dövlət standartının dövrü yoxlanılması aparılıb və ya dəyişikliklər edilib, 62 dövlət standartı ləğv edilib, sahibkarların sifarişi əsasında 124 texniki şərt ekspertiza edilərək qeydiyyata alınıb.