Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 8-9-da Slovakiyaya rəsmi səfər edib. Dövlət başçımız həm Slovakiya Prezidenti Peter Pelleqrini ilə, həm də digər rəsmilərlə görüşüb. İlham Əliyev qeyd edib ki, Slovakiya ilə aramızda çox dayanıqlı bağlantılar qurulacaq. Əlavə olaraq, Slovakiya lideri isə bildirib ki, enerji təchizatımız təhlükə altında olduqda biz Azərbaycana müraciət edə bilərik.
İlham Əliyevin Slovakiyaya səfəri ölkələrimiz arasındakı münasibətlərin inkişafına necə təsir göstərəcək?
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Redaktor.az-a bildirdi ki, Azərbaycan-Slovakiya münasibətləri son illər özünün yeni yüksəliş mərhələsinə daxil olub:
"Əlbəttə ki, münasibətlərin yaxşılaşdırılması, əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin milli maraqlarına uyğundur. Cənab İlham Əliyevin Slovakiya Respublikasına səfəri də məhz qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə istiqamətləndirilib və burada aparılan danışıqlar, ölkə rəhbərinin Slovakiyanın prezidenti və baş naziri ilə görüşləri, sözsüz ki, gələcək inkişafa xidmət edir".

Deputat vurğuladı ki, hər iki ölkə özünün gələcək iqtisadi inkişafında maraqlıdır və bu gün Azərbaycan Slovakiyaya öz qazını ixrac edir:
"Nəinki Slovakiya Respublikasına, eləcə də 14 xarici dövlətə Azərbaycan qazı ixrac olunur ki, onlardan da 12-si Avropa ölkəsidir.
Nəqliyyat sahəsində də əməkdaşlığa önəm verilir. Enerji təminatı sahəsində artıq müəyyən razılaşmalar ortadadır. Digər sahələrdə də gələcəkdə sənədlərin imzalanması, düşünürəm ki, ölkələrin inkişafı üçün zəruridir.
Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində ən fəal rol oynayan ölkələrdən biridir. Cənab İlham Əliyevin səfəri zamanı bu məsələlər də gündəmdə olub və ölkəmizin rəhbəri Slovakiya ilə əlaqələrin möhkəmləndirilməsinə böyük önəm verdiyini bildirib.
Əlbəttə ki, bu Azərbaycan üçün vacibdir, çünki xarici ölkələrlə, Slovakiya kimi bir ölkə ilə münasibətlərin yaxşılaşdırılması həm də Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi, qardaş-dost ölkələrinin sayının artırılması baxımından çox əhəmiyyətlidir.
Bu görüşü hər iki dövlət rəhbəri yüksək qiymətləndirir və sözsüz ki, belə görüşlərin, səfərlərin təşkili, dost ölkələrin rəhbərlərinin qarşılıqlı fikir mübadilələri ölkələrin iqtisadi inkişafı, milli təhlükəsizliyinin təmin olunması baxımından vacib və əhəmiyyətlidir".
Milli Məclisin deputatı Ceyhun Məmmədov isə qeyd etdi ki, Slovakiyaya səfər xüsusi önəm və əhəmiyyət daşıyır:
"Bu gün Azərbaycan həm Avropa dövlətləri ilə, həm yaxın Şərq dövlətləri ilə, həm Amerika Birləşmiş Ştatları ilə, həm də Afrika ölkələri ilə əlaqələrini daha da gücləndirir.
Azərbaycan bütün sahələrdə, bütün dövlətlərlə əlaqələrin inkişafında maraqlıdır. Slovakiyada da çox mühüm müzakirələr aparıldı, sənədlər imzalandı. Cənab prezident çox mühüm mesajlar verdi. Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayır. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın xüsusi rolu və xüsusi payı var".

Millət vəkili bildirdi ki, Azərbaycan Slovakiya Respublikası ilə iqtisadi sahədə, enerji sahəsində, eyni zamanda silah sənayesi sahəsində əməkdaşlıq edir:
"O mənada Slovakiya ilə əlaqələrin inkişafı önəmlidir. Azərbaycan bu gün, eyni zamanda, silah sənayesində öz imkanlarını daha da genişləndirir. Cənab prezidentin qeyd etdiyi kimi, imkanları birləşdirərək birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bu da Azərbaycana imkan verəcək ki, öz silah sənayesini daha da inkişaf etdirsin.
Bu səfərdə cənab prezidentə qarşı yüksək diqqət və ehtiramı görürük. Bu isə Azərbaycanın, cənab prezidentin son illərdə əldə etdiyi uğurun göstəricisidir. Yəni bu uğur bizə daha geniş imkanlar, daha geniş şərait yaradır ki, Azərbaycan öz əlaqələrini, öz münasibətlərini daha da inkişaf etdirsin. Bu gün dünyada ciddi proseslər gedir. Azərbaycan öz silah sənayesini daha da gücləndirməli, imkanlarını daha da genişləndirməlidir. O, bu istiqamətdə addımlar atmağa davam etməlidir".
Aytəkin TOFİQQIZI
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc olunub.
