AZ

Regional və multikultural folklor mühitlərinin araşdırılması üzrə hesabatlar müzakirə edilib

Yazını böyüt
Yazını kiçilt

AMEA-nın Folklor İnstitutunun Elmi şurasının genişləndirilmiş iclasında regional və multikultural folklor mühitlərinin tədqiqi istiqamətində fəaliyyət göstərən şöbələrin 2025-ci il üzrə hesabatları müzakirə olunub.

İnstitutdan hafta.az-a bildirilib ki, hibrid formatda keçirilən iclasda şöbələrin elmi və elmi-təşkilati fəaliyyətləri, aparılan tədqiqatlar və dərc olunan işlər, sahədən folklorun toplanılması, eləcə də beynəlxalq əməkdaşlıq əlaqələrinin nəticələri təqdim edilib.

İclasda ilk olaraq Cənubi Azərbaycan folkloru şöbəsinin 2025-ci il üzrə hesabatı dinlənilib. Şöbə müdiri filologiya elmləri doktoru Mətanət Abbasova il ərzində həyata keçirilən geniş tədqiqat fəaliyyəti və əldə olunan əsas elmi nəticələr barədə məlumatı təqdim edib. Qeyd olunub ki, cari ildə şöbədə dörd əsas istiqamət üzrə araşdırmalar aparılıb. İl ərzində şöbə tərəfindən “Güney Azərbaycan folklore” seriyasından XVIII cild nəşrə hazırlanıb, eləcə də “Koroğlu” dastanının Cənubi Azərbaycan variantlarının toplanması və təhlili ilə bağlı əhəmiyyətli işlər görülüb. Dastanın müxtəlif variantları, xüsusən də Cənubi Azərbaycan variantı üzərində araşdırmalar davam etdirilib, bu sahədəki tədqiqatlar yeni və zəngin məlumatlarla tamamlanıb.

Bundan əlavə, şöbə əməkdaşları Cənubi Azərbaycan folklorunun öyrənilməsi və toplanması sahəsində 10 ölkədaxili, 4 xarici konfransda fəal iştirak edib, Cənubi Azərbaycan folklorunun yazılı mətnlərindəki variantlarının müqayisəsi, folklor tədqiqatlarının tarixi və Koroğlu dastanının müxtəlif versiyalarının təhlili mövzularında məruzələr təqdim ediblər.

Şöbə əməkdaşları 2025-ci il ərzində yerli elmi jurnallarda 3 məqalə, 1 dərslik və 1 monoqrafiya nəşr etdiriblər. Ümumilikdə şöbədə Cənubi Azərbaycan folklorunun toplanılması və sistemləşdirilməsi sahəsindəki işlər genişləndirilib, türk xalq dastanlarının nəşrə hazırlanması üzrə fəaliyyət davam etdirilib.

İnstitutun Azsaylı xalqların folkloru şöbəsinin 2025-ci il üzrə fəaliyyətinə dair hesabatı şöbə müdiri filologiya elmləri doktoru Oruc Əliyev tərəfindən təqdim edilib. Hesabatda bildirilib ki, şöbə il ərzində azsaylı xalqların folklorunun tədqiqi sahəsində bir sıra nəticələr əldə edib. Cari ildə tədqiqatlar əsasən azsaylı xalqların folklorunda inanc sistemləri və mifik təsəvvürlərin araşdırılması, Dərbəndli Aşıq Niftullanın dastanlarının təhlili və ləzgi sehrli nağıllarının janr xüsusiyyətlərinin öyrənilməsi mövzularını əhatə edib. Bu araşdırmalarda, həmçinin Azərbaycan və Dağıstan folklor nümunələrinin müqayisəli təhlilinə də yer verilib. Eyni zamanda, azsaylı xalqların folklorunun müasir vəziyyəti, yeni toplama işləri və nəşrə hazırlanan kitablar barədə məlumat verilib. Ümumilikdə 2025-ci ildə şöbə əməkdaşları 18 məqalə hazırlayıb, bunlardan biri xarici, dördü yerli elmi jurnallarda çap olunub. Həmçinin 10 elmi məqalə çap prosesindədir.

İclasda, həmçinin Qərbi Azərbaycan folkloru şöbəsinin 2025-ci il üzrə hesabatı dinlənilib. Hesabatı şöbənin müdiri, Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərli təqdim edib. Şöbə müdiri təqdimatında Qərbi Azərbaycan folklorunun tədqiqi üzrə aparılan işlərin əhəmiyyətini və cari ildə əldə olunan nəticələri diqqətə çatdırıb. O, həmçinin şöbənin yaranma tarixindən və keçən dövr ərzindəki mühüm nailiyyətlərindən bəhs edib. Alim qeyd edib ki, Qərbi Azərbaycan irsinin müxtəlif aspektlərdən – folklorşünaslıq, dilçilik, tarixşünaslıq və s. rakurslardan araşdırılması ilə bağlı AMEA ilə Qərbi Azərbaycan İcması arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Xüsusilə də Qərbi Azərbaycan folklor yaddaşının toplanılması, təhlili, nəşri və təbliği istiqamətində Folklor İnstititunun müvafiq şöbəsi ilə İcmanın birgə fəaliyyəti mühüm nəticələrin əldə olunmasına şərait yaradır.

Əziz Ələkbərli qeyd edib ki, ötən illərdə olduğu kimi cari ildə də Azərbaycanın müxtəlif bölgələrində Qərbi azərbaycanlılardan folklor nümunələrinin toplanması və təhlili ilə yanaşı, bu zəngin mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində mühüm işlər görülüb.

Hesabatda, həmçinin Qərbi Azərbaycan folklorunun tədqiqi istiqamətində aparılan digər mühüm layihələrə də toxunulub. Əziz Ələkbərli “Qərbi Azərbaycan Ensiklopediyası”nın hazırlanması prosesinə dair məlumat verərək, bu ensiklopediyanın regionun mədəni irsinin sistemli şəkildə sənədləşdirilməsi və dünyaya təqdim edilməsi baxımından vacib bir elmi mənbə olduğunu qeyd edib. Qərbi Azərbaycan folklorunun zənginliyini və tarixi əhəmiyyətini vurğulayan Əziz Ələkbərli bu sahədə gələcəkdə daha da genişləndirilmiş tədqiqatların həyata keçirilməsinin zəruriliyini bildirib.

Vurğulanıb ki, 2025-ci il ərzində Qərbi Azərbaycan folkloru şöbəsi həm kitabların nəşri, həm də elmi məqalələrin çap edilməsi sahəsində fəal olublar. Şöbə müdiri Əziz Ələkbərli tərəfindən Azərbaycan, ingilis və rus dillərində “Qərbi Azərbaycan irsi” kitabının 1-ci cildi çap olunub, şöbə əməkdaşları isə müxtəlif elmi jurnallarda folklor, mərasimlər, etnik-mədəni ənənələr və şifahi irs üzrə məqalələr dərc etdiriblər.

Seçilən
140
hafta.az

1Mənbələr