Ağ Ev Aİ ilə söz azadlığı, Ukrayna və miqrasiya üzrə uzunmüddətli ziddiyyətləri rəsmi siyasətə çevirib…
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Avropa İttifaqı ilə münasibətləri kəskin şəkildə gərginləşdirərək, illərdir davam edən fikir ayrılıqlarını artıq açıq geosiyasi qarşıdurma səviyyəsinə qaldırıb.
Axios portalının məlumatına görə, qarşıdurmanın əsas qığılcımı Avropa İttifaqının İlon Maskın “X” platformasına 140 milyon dollarlıq cərimə tətbiq etməsi olub. Nəşr yazır ki, Tramp administrasiyası bu addımı uzun müddətdir gözləyirdi və onu ABŞ-ın Aİ-yə qarşı sərtləşən kursunu rəsmiləşdirmək üçün fürsət kimi dəyərləndirdi.
Yeni açıqlanan Milli Təhlükəsizlik Strategiyasında Avropa faktiki olaraq ABŞ-ın qarşısında “geopolitik rəqib” kimi təqdim edilir. Sənəddə Aİ ilə söz azadlığı standartları, Ukraynaya dəstək, kütləvi miqrasiya siyasəti ilə bağlı fikir ayrılıqları ABŞ-ın milli maraqları üçün ciddi problem kimi göstərilir.
Strategiyada həmçinin sual altına alınır ki, Aİ-yə üzv bəzi ölkələr demoqrafik dəyişikliklər və daxili siyasi proseslər fonunda NATO-da “etibarlı tərəfdaş” olaraq qala bilərlərmi. Sənəd “NATO-nun sonsuz genişlənə bilən alyans kimi qəbul edilməsinin başa çatdığını” da bəyan edir.
Axios yazır ki, Tramp administrasiyasının son addımları İkinci Dünya müharibəsindən sonra formalaşmış transatlantik düzəni sarsıdır. Hazırkı məqam isə Avropa üçün xüsusilə çətin seçilib: qitə iqtisadi qeyri-müəyyənlik, Ukrayna müharibəsinin davam etməsi və daxili siyasi parçalanmalarla üz-üzədir.
Analitiklərə görə, Trampın bu kursu gələn aylarda ABŞ–Aİ münasibətlərində ciddi struktur dəyişikliklərinə yol aça bilər və transatlantik təhlükəsizlik arxitekturasının gələcəyinə dair suallar daha da çoxalacaq.
Poliqon.info