Əvvəldən “Qarabağ”ın səfər qarşılaşmalarını İTV-nin, ev oyunlarını isə “CBC Sport”un yayınlaması nəzərdə tutulmuşdu. Lakin İTV-nin şənbə günü yaydığı bəyanatdan sonra vəziyyət dəyişdi: Məlum olduğu kimi, “Saran Media” ilə əldə edilmiş razılaşma əsasında 2025/26 mövsümündə UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının oyunları İctimai Televiziyanın canlı efirində təqdim olunur. "Qarabağ" klubunun Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi görüşlər də bu razılaşma çərçivəsində İctimai Televiziya tərəfindən yayınlanır. Tərəflər arasında mövcud sıx əməkdaşlıq fonunda aparılan son müzakirələr nəticəsində əvvəlcədən planlaşdırılan yayın proqramında müəyyən dəyişikliklərin edilməsi məqsədəuyğun hesab olunub. Yayınçı qurumların birgə təşəbbüsü ilə “Qarabağ" - “Ayaks” oyununun İctimai Televiziyanın canlı efirində nümayiş etdirilməsi barədə qərar qəbul olunub”.
Axı “köhlən atlar”ın ev matçlarını “CBC Sport” yayımlayacaqdı? Nəyə görə belə qərar verildi? Buna görə “CBC Sport”dan icazə alınıb? Bu sualları kanalın baş redaktoru Şəmsəddin Abbasova ünvanladıq:
“Bu barədə məlumat, açıqlama vermək istəmirik. Bu, qarşıdan gələn strategiyamızın bir hissəsidi. Bu barədə İTV-dən bizə hansısa istək, xahiş olmayıb. Qarşıdan Yeni il gəlir. Bu da bizim üçün strateji addım oldu. “CBC Sport” bu qərar barədə açıqlama vermək istəmir”.
MÜZƏFFƏR QULUZADƏ