AZ

Avropa İttifaqı Rusiya neftinə qadağanı layihədən çıxardı

Avropa Komissiyası tərəfindən hazırlanan və daha əvvəl Aİ ölkələrinin səfirləri tərəfindən təsdiqlənən Rusiya enerji resurslarına dair yeni məhdudiyyətlər layihəsində Rusiya neftinin idxalına qadağa yer almayıb.

NOCOMMENT.az xəbər verir ki, bu, Avropa İttifaqı Şurası tərəfindən açıqlanan sənəddə qeyd olunur.

Məlumata görə, Avropa Parlamentinin danışıqlar üçün verdiyi mandat Rusiya neftinin idxalına qadağanı nəzərdə tutsa da, həmin bənd son mətnə daxil edilməyib. Qadağa əvəzinə sənəddə Aİ ölkələrinin neft tədarükünün diversifikasiyası ilə bağlı planlarında daha yüksək şəffaflıq tələbi yer alıb. Həmçinin Avropa Komissiyası üzv dövlətlərə bu sahədə tövsiyələr verməyə məsul olacaq.

Bununla yanaşı, layihə 2028-ci ilin əvvəlindən etibarən Aİ ölkələri üçün Rusiya qazının tam şəkildə alınmasına qadağa tətbiqini nəzərdə tutur. Lakin bunun qüvvəyə minməsi üçün sənədin 2026-cı ildə həm Aİ Şurası, həm də Avropa Parlamenti tərəfindən təsdiqlənməsi tələb olunur.

Daha əvvəl Aİ-nin energetika üzrə komissarı Dan Yorqensen bildirmişdi ki, Avropa Komissiyası Rusiya neftinə və nüvə yanacağına tam qadağa tətbiqi üzərində də işləyir və bununla bağlı ayrıca sənədlər hazırlanacaq.

Seçilən
112
nocomment.az

1Mənbələr