AZ

Trampın reytinqi yüksəldi – SORĞU

ABŞ-da aparılan yeni Reuters/Ipsos sorğusu prezident Donald Trampın ictimai dəstəyində son həftələrdə müşahidə olunan dəyişkən dinamikanı üzə çıxarıb.

NOCOMMENT.az xəbər verir ki, məlumata görə, Trampın fəaliyyətinə ümumi razılıq səviyyəsi 41 faizə yüksəlib.

Bu, uzun müddət davam edən enişdən sonra reytinqdə hiss olunan bərpa tendensiyası kimi qiymətləndirilir.

Sorğu göstərib ki, artım əsasən respublikaçı seçicilər arasında dəstəyin güclənməsi ilə bağlıdır. Onlar Tramp administrasiyasının yaşayış xərcləri ilə mübarizə istiqamətində atdığı addımları daha pozitiv qiymətləndiriblər. Ümumi göstəricilər hələ də aşağı olsa da, analitiklər bu artımı Ağ Ev üçün “ümidverici siqnal” adlandırırlar.

Sorğu altı gün davam edib və bazar ertəsi yekunlaşıb. Nəticələrə əsasən, Trampın reytinqi noyabrın sonunda qeydə alınmış 38 faizdən 41 faizə qalxıb. Həmin 38 faiz, Trampın 2025-ci ilin yanvarında yenidən hakimiyyətə qayıtmasından sonra əldə etdiyi ən aşağı göstərici idi. Müqayisə üçün, Tramp ikinci prezidentlik müddətinə 47 faiz razılıqla başlamışdı.

Əsas diqqət seçicilər üçün kritik mövzu olan yaşayış dəyərinə yönəldilib. Bu sahədə Trampın göstəricisi 26 faizdən 31 faizə yüksəlib. Hərçənd bu, prezidentin ən zəif göstəricilərindən biri olaraq qalır, lakin irəliləyiş xüsusilə respublikaçı elektoratda 10 faiz artan dəstək sayəsində mümkün olub. Ümumilikdə, respublikaçıların 85 faizi prezidentin fəaliyyətini müsbət qiymətləndirib. Kiçik, amma nəzərə çarpan artım latino amerikalılar arasında da qeydə alınıb – dəstək 34 faizə yüksəlib.

Reytinq dinamikasındakı dəyişikliklər ölkədə gərgin daxili siyasi fonun müşayiəti ilə baş verib. Noyabrda respublikaçıların bir sıra yerli seçkilərdə zəif nəticələr göstərməsi demokratlara Tramp administrasiyasını artmaqda olan qiymətlərlə mübarizədə acizlikdə ittiham etmək üçün əsas verib. Buna cavab olaraq Tramp son həftələrdə daha aktiv addımlar atıb: bir neçə gömrük rüsumunun artırılmasını ləğv edib və ərzaq məhsullarının ucuzlaşacağına söz verib. O, demokratların qiymət artımı ilə bağlı narahatlığını “mistifikasiya” adlandırıb.

Gözlənilir ki, Tramp yaxın günlərdə ən mühüm seçki ştatlarından biri sayılan Pensilvaniyada iqtisadi çıxış edəcək.

Bununla yanaşı, inflyasiya ABŞ seçicilərinin əsas narahatlığı olaraq qalır. Qiymətlər, xüsusilə də keçmiş prezident Co Bayden dövründə kəskin artmışdı ki, bu da 2024-cü il seçkilərində Trampın vitse-prezident Kamala Harris üzərində qələbəsinə təsir edən amillərdən biri olmuşdu. Hazırda da administrasiya inflyasiyanı hədəflənən səviyyəyə qaytarmaqda çətinlik çəkir. Sentyabra qədər 12 ayda qiymətlər 3 faiz artıb ki, bu da hələ də yolverilən səviyyədən yüksəkdir.

Sorğuda ABŞ üzrə 4434 yetkin şəxs iştirak edib. O, onlayn formatda keçirilib və nəticələrin səhv payı 2 faiz bəndi təşkil edir. Ümumi nəticələr göstərir ki, Tramp hələ də ikinci müddətinin əvvəlindəki göstəricilərdən uzaqdır, lakin siyasi dinamika tədricən onun xeyrinə dəyişir və ictimai dəstək uğrunda mübarizə yeni, daha gərgin mərhələyə daxil olur.

Seçilən
22
nocomment.az

1Mənbələr