AZ

Ankarada Ulu Öndərin xatirəsinə həsr olunan anım mərasimi və romanın təqdimatı olub

Ankara, 10 dekabr, AZƏRTAC

Dekabrın 10-da Ankarada Azərbaycanın Türkiyədəki səfirliyi, Türkiyə Prezident Millət Kitabxanasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilən mərasim və Ulu Öndərin əziz xatirəsində ithaf olunan “Duman çəkiləndə” romanının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyə və Azərbaycan parlamentlərinin deputatları, diplomatlar, elm xadimləri və ekspertlərin iştirak etdiyi tədbirdə Ümummilli Liderin zəngin, mənalı həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.

Rəsmi açılışda Türkiyə Prezident Kitabxanaları Departamentinin sədri Ayhan Tuğlu, Azərbaycanın Ankaradakı səfir Rəşad Məmmədov, Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar, Milli Məclisin Azərbaycan-Türkiyə dostluq qrupunun sədri Əhliman Əmiraslanov, Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun sədri Şamil Ayrım, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) sədri professor Aygün Attar və romanın müəllifi Sabir Şahtaxtı çıxış ediblər.

Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası, dünya şöhrətli siyasətçinin dövlətçilik ideologiyası, Azərbaycan-Türkiyə qardaşlığının inkişafına verdiyi töhfələrdən bəhs olunub.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı rəşadətli Qələbəni türk dünyasının həmrəyliyinə tarixi təsirindən bəhs olunub.

Yazıçı-publisist Sabir Şahtaxtının qələmə aldığı “Duman çəkiləndə” siyasi-tarixi romanı haqqında fikir və düşüncələrini ifadə edən natiqlər əminliklə bildiriblər ki, Vətən müharibəsinin bütün əzəmətini özündə əks etdirən əsər hər zaman ədəbiyyatsevərlərin qəlbini oxşayacaq. Natiqlər qeyd ediblər ki, əsər məhz müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyində qəhrəman Azərbaycan Ordusunun qazandığı rəşadətin tərənnümdür. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vətən müharibəsində Azərbaycana verdiyi siyasi-mənəvi dəstək Türkiyə xalqını səfərbər etmişdir. Roman ümumilikdə Azərbaycan xalqının dövlətçilik arzusunun özündə əks etdirir.

Romanın müəllifi Sabir Şahtaxtı nəşrin işıq üzü görməsinə görə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədova, həmçinin səfirliyin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin kollektivinə minnətdarlığını ifadə edib.

Romanın uğurlu tərcüməsindəki töhfələrinə görə dosent Mustafa Karataş və elmlər doktoru Hüseyn Əhmədov səfirlik tərəfindən təşəkkürnamə ilə təltif olunublar.

Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən nadir orijinal fotolardan ibarət sərginin açılışı olub.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

 

Seçilən
15
2
azertag.az

3Mənbələr