AZ

Almaniyanın Brandenburq neft kəmərində qəza nəticəsində ətrafa ciddi ziyan dəyib

Berlin, 10 dekabr, AZƏRTAC

Almaniyanın Brandenburq əyalətində Rostok–Şvedt istiqamətində neft kəmərində ciddi qəza baş verib.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, qəza nəticəsində ətrafa böyük həcmdə neft yayılıb. Borudan sızan neftin 25 metr hündürlüyə çatdığı bildirilir. Yüksək təzyiqli neftin fontan vurması nəticəsində iki işçi xəsarət alıb.

Polis hadisənin terror aktı olmasını istisna edib. Qəzanın boru kəmərində aparılan tikinti işləri zamanı baş verdiyi ehtimal olunur. Hadisə yerinə yanğınsöndürmə və təhlükəsizlik qüvvələri göndərilib, sızmanın qarşısının alınması istiqamətində tədbirlər görülür. Hazırda qəzanın səbəbləri və dəyən ziyanın miqyası araşdırılır.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
69
4
azertag.az

5Mənbələr