Yenicə dünya çempionu titulunu qazanmış “Formula-1” yarışçısı, “Maklaren” komandasının pilotu Lando Norrisin doğulduğu küçəyə onun adı verilib.
İdman.Biz xəbər verir ki, bu barədə Norrisin doğulduğu Somerset Şəhər Şurası qərar çıxarıb.
İndi Qlastonberi yaxınlığındakı Strit şəhərində yerləşən Clarks Village kompleksindəki piyada zonası Lando Lane adlanır. Lando məhz burada doğulub böyüyüb və məktəbdə oxuyub.
“Lando yerli qəhrəmandır və hamımız onun dünya çempionu olmasına çox sevinirik. O, gəncliyini burada keçirib, kartinqlə məşğul olub, bu da nəticədə onu dünyanın ən yaxşı yarış pilotuna çevirib. Küçənin adının Lando Lane kimi dəyişdirilməsi bölgəmizin sevimli oğullarından birinin bu inanılmaz nailiyyətini qeyd etmək üçün bir yoldur", - deyə Clarks Village-in direktoru Kris Devis “Crash”a bildirib.