Azərbaycanın müasir dövlətçilik tarixində Ümummilli Lider Heydər Əliyevin rolu əvəzsizdir. Onun siyasi uzaqgörənliyi, dövlətə və xalqa bağlılığı, müstəqilliyimizin qorunub saxlanılması və Azərbaycan Respublikasının güclü, sabit bir dövlətə çevrilməsi naminə göstərdiyi xidmətlər xalqımız tərəfindən daim yüksək qiymətləndirilir.
1990-cı illərin əvvəllərində Azərbaycan müstəqilliyini yeni bərpa etsə də, ölkədə dərin siyasi böhran, xaos və vətəndaş qarşıdurması hökm sürürdü. Məhz belə bir ağır dövrdə xalqın təkidli tələbi ilə 1993-cü ildə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkəni parçalanmaqdan və vətəndaş müharibəsindən xilas etdi. Onun uzaqgörən siyasəti və qətiyyətli addımları nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.
Müstəqil Azərbaycanın qurucusu və Ümummilli Lideri Heydər Əliyev bütün sahələrlə bərabər gəncləri ölkənin gələcəyi kimi qiymətləndirir, onların hərtərəfli inkişafını strateji prioritet sayırdı. Onun gənclərə göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycanda dövlət səviyyəsində ilk dəfə gənclər siyasəti formalaşdı və bu sahə kompleks şəkildə inkişaf etməyə başladı.
Heydər Əliyev çıxışlarında dəfələrlə vurğulayırdı ki, “Gənclər bizim gələcəyimizdir. Dövlətin inkişafı üçün sağlam, vətənpərvər, savadlı və təşəbbüskar gənclərə ehtiyac var.” Bu yanaşma nəticəsində 1994-cü ildən etibarən gənclərlə bağlı ardıcıl dövlət proqramları və təşəbbüslər həyata keçirildi.
1996-cı ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Gənclərinin I Forumu keçirildi və bu tarixi hadisə dövlət gənclər siyasətinin təməl daşı oldu. Forumda Ümummilli Liderin gənclərlə birbaşa dialoqu, onların problemlərinin dinlənilməsi və həlli yollarının müəyyən edilməsi gələcək gənclər siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Elə həmin forumun nəticəsi kimi 2 fevral tarixi Azərbaycan Gəncləri Günü elan olundu və bu, gəncliyə verilən dəyərin rəmzinə çevrildi.
Heydər Əliyevin irəli sürdüyü siyasət sayəsində gənclər:
- təhsildə, xüsusilə də xaricdə təhsil imkanlarında;
- idarəçilikdə, dövlət və özəl sektorda gənc kadrların irəli çəkilməsində;
- vətənpərvərlik ruhunda tərbiyədə, ordu quruculuğu və milli mənlik şüurunun formalaşmasında;
- və nəhayət, vətənin müdafiəsində, xüsusilə də torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizədə mühüm rol oynadılar.
2020-ci ildə baş tutan Vətən Müharibəsində, məhz bu strategiyanın real nəticəsi olaraq, Azərbaycan gəncliyi qəhrəmanlıq, fədakarlıq və yüksək milli ruh nümayiş etdirdi. Müasir və güclü vətənpərvər gənclər ordusu – Ulu Öndərin əsasını qoyduğu gənclər siyasətinin bəhrəsidir.
Ümummilli Lider Heydər Əliyev hər zaman qaçqın və məcburi köçkünlərin problemlərini ölkənin ən vacib və prioritet məsələlərindən biri kimi qiymətləndirirdi. O, bu məsələni "mənim üçün bir nömrəli problem" adlandıraraq, həmin kateqoriyaya aid vətəndaşlara dövlətin sosial siyasətində xüsusi yer ayırdı. 1990-cı illərin ağır şəraitində belə, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi və təhsil hüquqlarının qorunması istiqamətində ciddi addımlar atıldı.
Bunun bariz nümunələrindən biri də Ümummilli Liderin imzaladığı Sərəncamla dövlət ali təhsil müəssisələrində məcburi köçkün və qaçqın tələbələrin təhsil haqqından azad olunmasıdır. Bu qərar, həmin gənclərin cəmiyyətə inteqrasiyası və bərabər imkanlara sahib olması baxımından strateji əhəmiyyət daşıyır və Ulu Öndərin bu təbəqəyə olan həssas münasibətinin ən parlaq göstəricisidir.
1999-cu ildə keçirilmiş Azərbaycan Gənclərinin II Forumunda çıxış etdiyim zaman şəxsən mənim təşəbbüsümlə Biləsuvar rayonunda müvəqqəti məskunlaşmış 2 məcburi köçkün gənc ailənin toy mərasiminə Ümummilli Lider Heydər Əliyev dəvət olunmuşdu. Heydər Əliyevin həmin dəvəti qəbul edərək, o mərasimdə şəxsən iştirakı gənclər üçün misilsiz mənəvi stimul, unudulmaz bir tarixi hadisə və dövlət rəhbərinin xalqla birbaşa təmasının parlaq nümunəsi kimi yadda qaldı.
Ümummilli Lider Heydər Əliyevin ən layiqli davamçısı, Prezident İlham Əliyev 2003-cü ildə xalqın böyük etimadı ilə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra qarşısında duran əsas vəzifələrdən biri məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və uzun illər çətin şəraitdə yaşamış soydaşlarımızın çadır şəhərciklərindən çıxarılması idi. Möhtərəm Prezident bu humanist missiyanı qısa müddətdə, ardıcıl və məqsədyönlü siyasət nəticəsində uğurla həyata keçirdi. Beləliklə çadır şəhərcikləri ləğv olundu, minlərlə ailə müasir tələblərə cavab verən yeni yaşayış massivlərinə köçürüldü və sosial təminat sistemi əsaslı şəkildə gücləndirildi.
Dövlət quruculuğunun növbəti mərhələsində ordu quruculuğu prioritet istiqamətlərdən birinə çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu müasir texnika və silahlarla təchiz olundu, döyüş qabiliyyəti artırıldı, milli ruh gücləndirildi. Beynəlxalq təşkilatların ikili standartlara əsaslanan, ədalətsiz və etinasız mövqeyinə baxmayaraq, ölkəmiz 30 ilə yaxın işğal altında olan torpaqlarımızı öz gücünə, öz iradəsi ilə azad etməyə qadir olduğunu sübut etdi.
2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi tariximizin şanlı səhifəsinə çevrildi. Azərbaycan Ordusu işğalçı Ermənistanı darmadağın edərək kapitulyasiya aktına imza atmağa məcbur etdi. Bu qələbə yalnız hərbi deyil, eyni zamanda siyasi, mənəvi və ideoloji üstünlüyümüzün təntənəsi idi.
Bu qələbələrin arxasında təkcə güclü dövlət siyasəti deyil, həm də Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiqlik dayanır. Möhtərəm Prezident İlham Əliyevin tarixi bəyanatı – “Mən ata vəsiyyətini yerinə yetirdim” – bu mənada yalnız bir övladın atasına deyil, həm də bir Liderin xalqına verdiyi vədin yerinə yetirildiyini göstərən rəmzi ifadədir. Bu sözlər Heydər Əliyev irsinin reallığa çevrildiyini, azərbaycançılıq ideyasının zəfərlə taclandığını və Azərbaycanın tarixində yeni bir mərhələnin başlandığını təsdiq edir.
Ümummilli Lider Heydər Əliyevin 1997-ci ilin dekabr ayında imzaladığı "1948–1953-cü illərdə azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarından kütləvi deportasiyası haqqında" Fərmanı Azərbaycan tarixində xüsusi önəm daşıyır. Bu sənəd XX əsrin ən faciəli hadisələrindən biri olan Qərbi Azərbaycanlıların deportasiyasına hüquqi-siyasi qiymətin verilməsinə və həmin tarixi ədalətsizliyin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasına yönəlmiş mühüm addım idi.
Bu gün həmin tarixi fərmandan irəli gələn vəzifələr Prezident İlham Əliyev tərəfindən prinsipial şəkildə və ardıcıl olaraq həyata keçirilir. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışını təmin etmək məqsədilə siyasi, hüquqi və ideoloji istiqamətdə ciddi iş aparılır. “Qayıdış Konsepsiyası” bu prosesin strateji əsasını təşkil edir və tarixi ədalətin bərpası yolunda qətiyyətli iradənin göstəricisidir.
Bununla yanaşı, Zəngəzur dəhlizinin açılması məsələsi yalnız Azərbaycanın logistik maraqları ilə məhdudlaşmır. Bu, eyni zamanda bütöv Türk dünyasının inteqrasiyasına, iqtisadi və mədəni birliyinə xidmət edən geosiyasi layihədir. Zəngəzur Dəhlizi türk dövlətlərini birləşdirəcək strateji yol olmaqla yanaşı, Azərbaycanın tarixi torpaqları ilə əlaqəsinin bərpası baxımından da simvolik əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi siyasət tarixi yaddaşımızın bərpasına, milli hüquqlarımızın müdafiəsinə və dövlətimizin suveren maraqlarının təmininə xidmət edən tarixi missiyadır. Bu, həm də xalq qarşısında, tarix qarşısında və Ulu Öndər Heydər Əliyevin ideyalarına sədaqət qarşısında yerinə yetirilən böyük vətənpərvərlik nümunəsidir.
1997-ci ilin fevral ayından etibarən Ümummilli Lider Heydər Əliyevin birbaşa diqqət və qayğısı ilə rəsmi dövlət qeydiyyatına alınan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı, o dövrdə qaçqın və məcburi köçkün gənclərin təşkilatlanması, cəmiyyətə inteqrasiyası və dövlətə bağlı, milli ruhda formalaşması baxımından mühüm rol oynamışdır.
44 günlük Vətən Müharibəsində qazanılmış tarixi Qələbədən sonra bu təşkilat "Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı" adı altında fəaliyyətini yeni mərhələyə keçirmiş, artıq Azərbaycanın suverenliyini bərpa etdiyi ərazilərdə — Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq proseslərinə fəal ictimai dəstək verməyə başlamışdır. Təşkilatımız, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı istiqamətində təbliğat-təşviqat fəaliyyətləri, maarifləndirici təşəbbüslər və gənclərin bu prosesə cəlb olunması baxımından dövlət siyasətinin ictimai dayaqlarından biri kimi çıxış edir.
Bir gənclər təşkilatının rəhbəri kimi bu mühüm missiyanı yalnız vəzifə deyil, mənim mənəvi borcum, həyat yolumun davamı kimi qəbul edirəm. Ümummilli Lider Heydər Əliyevin əllərindən ilk şəxsiyyət vəsiqəmi almaq şərəfinə nail olmağım mənim üçün təkcə fərdi fəxarət deyil, həm də gənclərə göstərilən yüksək etimadın simvoludur. Bu etimad illər sonra ölkə başçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmağımla davam etmişdir.
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər bölgədə yeni reallıqlar yaratdı. Lakin bu Qələbəni həzm edə bilməyən bəzi dövlətlər və beynəlxalq təşkilatlar bu gün də ölkəmizə qarşı təzyiq və təxribat siyasətindən əl çəkmirlər. Təəssüf ki, bu qüvvələrin daxildəki uzantıları – milli maraqları satıb fərdi ambisiyalar naminə istifadə edən müəyyən dairələr – müstəqil dövlətimizə qarşı zaman-zaman açıq və gizli xəyanət meyilləri nümayiş etdirirlər.
Lakin tarix sübut edib ki, bu xalqın ən böyük dayağı onun vətənpərvər övladları – Azərbaycan gəncliyidir.
1999-cu ildə Azərbaycan Gənclərinin II Forumunda etdiyim çıxış zamanı səsləndirdiyim fikirlər bu gün də tam aktuallığını qoruyur:
“Azərbaycanda qarşıdurma yaratmağa, qarışıqlıq salmağa və bundan istifadə edərək hakimiyyətə gəlmək istəyənlər birinci növbədə qarşılarında Azərbaycan gəncliyini görəcəklər.”
Bu sözlər sadəcə çağırış deyildi – bu, bir mövqe, bir əqidə və milli məsuliyyətin ifadəsi idi. Bu gün də həmin əqidəyə, həmin ruh yüksəkliyinə sadiq olaraq, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası ilə silahlanmış gənclər kimi biz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin əsgərləriyik.
Biz bu dövlətin dayağı, Prezidentimizin mənəvi-siyasi arxa cəbhəsiyik. Və nə qədər ki bu ruh yaşayır, Azərbaycan heç bir təzyiqə, təxribata, təhdidə boyun əyməyəcək.
Biz daim qalib dövlətimizin, qalib Liderimizin – Prezident İlham Əliyevin yanında olacağıq.