AZ

6000 azn-lik kurslar nə öyrədir? – Bakıda əl yandıran qiymətlər...

Bakıda 4 500–6 000 manat ödəniş tələb edən kurslar fəaliyyət göstərir. Maraqlıdır, bəs bu proqramları digərlərindən fərqləndirən nədir və qiymətlərin bu qədər yüksək olmasının səbəbi nədir? Həmçinin bu kurslarda əsasən hansı sahələr üzrə hazırlıq keçirilir?

Təhsil eksperti Ramin Nurəliyev “Yeni Sabah”a açıqlamasında sözügedən kurslarla bağlı sualları belə cavablandırıb:

“Ümumilikdə, söhbət kurslardan gedirsə, bu kateqoriyaya əsasən universitetə hazırlıq, xaricdə təhsil istiqamətləri və xüsusilə də dil öyrətməyə yönəlmiş hazırlıq kursları daxildir. Bu kursların əksəriyyətində ödənişlər illik nəzərdə tutulur və kifayət qədər ciddi məbləğ təşkil edir”.

Onun sözlərinə görə, ali təhsil müəssisələrinə hazırlıq kurslarının illik ödənişləri təxminən 3.000–4.000 manat arasında dəyişir:

“Bu kursları digərlərindən fərqləndirən xüsusi bir üstünlük olmasa da, əsas fərq prestij məsələsidir. Bəzi hazırlıq mərkəzləri adlarına görə tanınır və bu tanınmışlıq səbəbindən onların təhsil haqları daha yüksək olur. Məsələn, elə kurslar var ki, 2.000 manat olsa, tələb az olur, lakin 3.000–3.500 manat qiymət müəyyənləşdirildikdə maraq artmış olur. Yəni burada əsasən ad, etibar və prestij faktoru qiymətə təsir edir.

SAT, TOEFL və IELTS kimi beynəlxalq imtahanlara hazırlıq kurslarının qiymətləri isə daha yüksəkdir. Bu istiqamətdə aylıq ödənişlər təxminən 600 manat civarında olur. Xaricdə təhsil üzrə hazırlıq xidmətləri də aylıq 250–300 manat aralığında dəyişir”.

R.Nurəliyev onu da vurğulayıb ki, kurslardan fərqli olaraq, özəl liseylərin təhsil haqları daha yüksəkdir:

“Hazırda bəzi özəl təhsil müəssisələrində illik ödənişlər 12–15 min manat, hətta bəzi hallarda 15–20 min manat arasında dəyişir. Bu liseylərdə təhsil alan uşaqların xarici dil biliklərinin genişləndirilməsi və gələcəkdə xaricdə təhsil alma imkanlarının yaradılması əsas üstünlüklər hesab olunur. Buna görə də maddi imkanı geniş olan valideynlər daha çox bu tip liseylərə üstünlük verirlər. Elit təbəqədən olan ailələrin bu liseylərə marağı artdığı üçün təhsil haqlarında da davamlı artım müşahidə olunur”.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
9
1
yenisabah.az

2Mənbələr