GlobalInfo saytına istinadən ain.az xəbər verir.
Xalq artisti Zeynəb Xanlarovanın AzTV-nin Yeni il proqramında iştirak edəcəyi ilə bağlı qərarı hələ də müzakirə edilir. Bir qisim insanlar onun dəyərli sənətkar və mədəniyyətin simvolu olduğunu bildirirlər. Digərləri isə düşünürlər ki, müğənninin hər il eyni tədbirdə çıxış etməsi və proqramın onun ifası ilə yekunlaşması həm monotonluq yaradır, həm də bu, ictimai rəyə hörmətsizlikdir.
Bu ənənə davam etməlidir, yoxsa dəyişiklik vaxtıdır?
Globalinfo.az-a danışan deputat Fazil Mustafa deyib ki, Zeynəb Xanlarova həqiqətən xalqın böyük musiqi dəyəridir:
“İnsan yaşlaşanda və ya səsi əvvəlki kimi olmayanda biz bu dəyəri niyə başqa cür qiymətləndirməliyik? Əksinə, sevinməliyik ki, belə bir korifey sənətkarımız hələ də səhnədədir, oxuya bilir və pozitiv enerji ötürür. Bu, kimdə və niyə qıcıq yaradır? Zeynəb Xanlarova eyni zamanda nostalgiya daşıyır. O, insanları həyata və bir-birinə sevgi ilə bağlayan, onlara müsbət enerji verən sənət adamıdır”.
Fazil Mustafa
Millət vəkili bildirib ki, bu məsələyə görə kiminsə narahatlıq keçirməsi anlaşılmazdır:
“Açığı, bu, məni məyus edir. Ola bilsin, müəyyən yaş mərhələsində hər şey əvvəlki kimi olmur, ömür fanidir. Lakin Xanlarovanın Azərbaycan səhnəsində görünməsi belə estetik bir dəyərdir. Xalq artistinin ifası bəlkə də hər kəsin zövqünə tam uyğun deyil, amma onun özünəməxsus üslubunu xatırlayan yüz minlərlə insan var. Buna görə də fikrimcə, bu məsələyə daha tolerant yanaşmaq faydalı olardı”.
Zaira Akifqızı
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.