Stansiya 6 dekabrdakı nasazlıqdan sonra siqnal verməyi dayandırıb…
Poliqon xəbər verir ki, ABŞ-ın Aerokosmik Agentliyi (NASA) Marsın atmosferini öyrənən MAVEN kosmik aparatı ilə rabitənin kəsildiyini açıqlayıb. Məlumat agentliyin yaydığı press-relizdə təsdiqlənib.
Bildirilib ki, hadisə 6 dekabr tarixində baş verib. Mars orbitinə daxil olana qədər aparatın bütün alt-sistemləri normal işləyib. Lakin MAVEN planetin qaranlıq tərəfində hərəkət etdiyi vaxt NASA-nın uzaq kosmik rabitə şəbəkəsi stansiyadan gələn siqnalı qeydə almağı dayandırıb. Bu, aparatın idarəetmə komandasını fövqəladə vəziyyət prosedurlarını işə salmağa vadar edib.
“Kosmik aparat və əməliyyat heyətləri yaranmış anomaliyanın səbəblərini araşdırır və vəziyyəti tam şəkildə anlamaq üçün iş aparır”, — NASA-nın açıqlamasında qeyd olunub.
MAVEN missiyası 2013-cü ilin noyabrında işə salınıb və 2014-cü ilin sentyabrında Mars orbitinə çatıb. Layihənin əsas məqsədi planetin üst atmosfer qatını, ionosferini, eləcə də Günəş və günəş küləyi ilə qarşılıqlı təsir proseslərini araşdırmaqdır. Bu tədqiqatlar Mars atmosferinin zamanla necə kosmosa dağıldığını anlamağa kömək edir və planetin iqlim tarixi, su ehtiyatları və potensial yaşama qabiliyyəti barədə mühüm məlumatlar verir.
Aparat həmçinin Mars səthində çalışan roverlər üçün rabitə siqnallarını ötürən retranslyator rolunu oynayırdı. MAVEN-lə əlaqənin bərpası üçün NASA mütəxəssisləri intensiv iş aparır.
Poliqon.info