Homo floresiensis uzunmüddətli quraqlıq, aclıq və Homo sapiens ilə rəqabət nəticəsində məhv olub…
Poliqon xəbər verir ki, alimlər İndoneziyanın Flores adasında yaşamış qədim insan növü, Homo floresiensis, daha çox “hobbitlər” kimi tanınan hominidlərin yox olmasının əsas səbəblərini müəyyən etməyə nail olublar. Yeni araşdırmanın nəticələri Communications Earth & Environment jurnalında dərc edilib.
Tədqiqat göstərir ki, bu növün məhvi çox güman ki, uzun sürən quraqlıq və resurs çatışmazlığı ilə bağlı olub, bu vəziyyət isə ada ərazisinə sonradan gələn Homo sapiens nümayəndələri ilə rəqabət nəticəsində daha da kəskinləşib. Adadakı mağaralardan götürülmüş stalaktit və stalagmit nümunələrinin analizi 76–61 min il əvvəl yağışların illik həcminin 1560 millimetrdən 990 millimetrə qədər azaldığını ortaya qoyub. Bu dəyişiklik çayların və içməli su mənbələrinin qurumasına, bitki və heyvan populyasiyalarının, o cümlədən cırtdan stqedonların qida çatışmazlığı ilə üzləşməsinə səbəb olub. Paleontoloji sübutlar stqedonların məhz həmin dövrdə kəskin azaldığını təsdiqləyir.
Bu vəziyyət Homo floresiensis üçün həyati vacib olan ekosistemin pozulması demək idi. Onlar su və qida axtarışı ilə dağlıq mağaralardan sahilyanı düzənliklərə enməyə məcbur qalıblar. Alimlərin fikrincə, məhz bu dövr Homo sapiens nümayəndələrinin adaya daxil olması ilə eyni zamana təsadüf edib və bu, iki insan növü arasında məhdud resurslar uğrunda birbaşa rəqabətə yol aça bilərdi.
Bununla yanaşı, bölgədəki potensial vulkanik aktivlik də xobbitlərin sağ qalmasını daha da çətinləşdirən əlavə faktor kimi qeyd olunur. Araşdırma müəllifləri bildirirlər ki, Homo floresiensis-in yox olmasına yalnız Homo sapiens-in gəlişini səbəb göstərmək doğru deyil — əsas katalizator ekoloji dəyişikliklər, quraqlıq, su və qida çatışmazlığı, ekosistemdə yaranmış stress olub.
Tədqiqat həmçinin göstərir ki, kiçik ada populyasiyaları iqlim dəyişikliyinə son dərəcə həssasdır və ekosistemdə baş verən sürətli dəyişikliklər qısa müddətdə onların tamamilə məhv olmasına gətirib çıxara bilər.
Poliqon.info