AZ

Xeyriyyə təşkilatları: Milad ərəfəsində uşaqlı ailələrdə yoxsulluq artır

Yazını böyüt
Yazını kiçilt

Finlandiyada xeyriyyə təşkilatları uşaqlı ailələr tərəfindən yardım müraciətlərinin kəskin artdığını bildirirlər.

Hafta.az xəbər verir ki, Milad yaxınlaşdıqca vəziyyət daha da aydın görünür. Belə ki, bir çox ailələr ən sadə tələbatlarını belə qarşılaya bilmir, bayram xərclərindən isə ümumiyyətlə danışılası deyil.

Rəsmi illik statistika hələ açıqlanmasa da, təşkilatlar əvvəlki illərlə müqayisədə yardım müraciətlərinin xeyli çoxaldığını təsdiqləyirlər. Səbəblərdən biri kimi sosial müavinətlərin azaldılması göstərilir. Finlandiyanın Sosial Təminat və Səhiyyə Nazirliyinin qiymətləndirməsinə görə, işsizlik və mənzil dəstəyi üzrə ödənişlərin azaldılması yoxsulluğun gözləniləndən daha sürətlə artmasına səbəb olur.

“Save the Children” təşkilatının nümayəndələri bildirirlər ki, bu il Milad yardımı ilə bağlı müraciətlər adəti üzrə deyil, erkən daxil olmağa başlayıb. Mannerheym Uşaq Mühafizəsi İttifaqının bölmələrində ağır vəziyyətlər qeydə alınır, bir çox ailələr artıq ən zəruri ehtiyaclarını belə ödəyə bilmirlər.

Bununla yanaşı, ianələrin həcmi artan tələbatı qarşılamır. Bəzi regionlarda yardım alanların sayı demək olar ki, üçdə bir artıb, bəzi yerlərdə isə həddindən artıq yüklənmə səbəbindən müraciət formalarını müvəqqəti bağlamağa məcbur olublar.

Dövlət subsidiyalarının azaldılması da əlavə təzyiq yaradır. Gələn il sosial-tibbi təşkilatların maliyyələşdirilməsi təxminən 35 milyon avro azaldılacaq. Bu isə ehtiyacı olanların sayının artdığı bir dövrdə baş verir.

Bununla belə, xeyriyyə təşkilatları vəsait toplama kampaniyalarını davam etdirirlər. Finlandiya Qızıl Xaç Cəmiyyəti və Mannerheym Uşaq Mühafizəsi İttifaqı tərəfindən həyata keçirilən ənənəvi “Hyvä joulumieli” (“Yaxşı Milad əhvalı”) aksiyası 18 min ailəyə ərzaq hədiyyə kartlarının verilməsinə imkan yaradacaq.

Xeyriyyə qurumları xəbərdarlıq edirlər ki, ianələrin həcminin artmayacağı və sosial dəstək mexanizmlərinin yenidən nəzərdən keçirilməyəcəyi təqdirdə, getdikcə daha çox uşaqlı ailə Milad bayramı günlərində zəruri yardımdan kənarda qala bilər.

Seçilən
43
1
hafta.az

2Mənbələr