Ev təmirindən sonra əsas məsələ keyfiyyətli mebel seçimidir. Mebel seçərkən insanlar estetik və funksional cəhətlərlə yanaşı büdcə baxımdan da doğru qərar verməyə çalışırlar. Paytaxtda mebel mağazaları həm qiymət həm də keyfiyyət baxımından fərqlənirlər. Bəzi insanlar keyfiyyətinin daha yaxşı olduğuna inanıb xaricdən gətirilən mebellərə üstünlük versə də, bəzi müştərilər yerli istehsala güvənib ustaya sifariş verib hazırlatdırırlar. Keyfiyyətli mebel göstəricilərinə estetik görünüşlə yanaşı onun hazırlanma forması da daxildir.
Bəs seçim edərkən müştəri nədə diqqətli olmalıdır?
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən mütəxəssis İlqar Əliyevin sözlərinə görə, mebellərin görünüşü onların keyfiyyətinin necə olduğundan ətraflı xəbər verə bilməz:
“Müştəri mebelin keyfiyyətini tam anlaya bilməyəcək. Ümumi görünüşünə görə qərar verə bilməz. Mebelin keyfiyyətinin necə olduğunu hər işdə olduğu kimi burada da işin ustası anlaya bilər. Aksesuarlardan bilinir ki, bunlar sadə aksesuarlardır və ya firma malıdır. Cüzi fərq olanda mebelə baxdıqda görülür ki, eyni aksesuar istifadə edilib, sadəcə qalınlığında fərq var. Dəmirində, enliliyində, parçası, istifadə edilən materiallarda fərq olur. Mexanizmlərə görə qiymət fərqləri də yüksək olur. Eyni mexanizmin ucuz və bahalı variantlarında isə fərq az olur. Ancaq daha effektiv işləməyinə görə istifadə edilən mexanizmlər baha olur”.
İ.Əliyev hər sahədə olduğu kimi bu sahədə də dələduzların olduğunu bildirib: “Eyni materialın Rusiya istehsalından istifadə edilir. Məsələn, elə detal, material var ki, Dağıstanda adi şəraitdə istehsal olunur, hazırlanır. Ancaq Rusiyanın hansısa şəhərinin rəsmi firmasının istehsalı olur ki, bu, daha fərqli və keyfiyyətlidir. Bəzi ustalar mahiyyəti 3 manatlıq olan mexanizmdən istifadə edir, ancaq bahalı olan versiyasından istifadə etdiyini bildirir. Bunu alan adam anlaya bilməz. Ancaq usta bilir ki, nədən istifadə edilib. Elə sürmə mexanizmi var ki, 70 manata tək mexanizmi olur. Həmin mexanizmin türk versiyası 20 manata başa gəlir. 70 manata olan isə Avropa istehsalı olur. Mebellərin hazırlanmasında istifadə edilən mexanizmlər, istehsal ölkəsinə, firmasına görə fərq olur. Düzdür işləməyində çox fərq olmur. Yəni iki qiymət aralığında olan yüksək fərq istifadəsində müşahidə edilmir. Digər məhsullarda olduğu kimi bu sahədə də tanınmış firmalar var ki, onlar Avropanın brend firmaları hesab edilir və qiymətə də əlbəttə bu təsir göstərərək daha baha satılır. İşlək vəziyyətində isə çox fərq mövcud olmur”.
Usta onu da əlavə edib ki, bəzən satıcılar müştəriləri, “xaricdən sifarişlə gətiririk” deyə yalandan inandırıb ucuzlu malı baha satırlar: “Burda istifadə edilən avadanlıqlar, mexanizmlər xaricdə necədirsə, burada da elədir. Məsələn, müştəri boyalı mebel istəyir. O boyalı mebelin hazır olması üçün ustalar özü hazırlasa, görünüşdə fərqlilik və ya tam arzuedilən olmaz və rəngdə axıntı və s. ola bilər. Bu səbəbdən avadanlıqlar vasitəsilə hazırlanır. Hazırlanma artıq insan əli ilə olmur. Əgər müştəri, məsələn, mebelin bu üsulla hazırlanmasını istəyirsə, razıdırsa o avadanlıq xaricdə də burada da olsa, eyni avadanlıqdır. Sadəcə ölkə fərqi var, qalan başqa fərqi yoxdur.. Mağazada görülüb bəyənilən, “Xaricdən gətirilir” deyilən mebellərin çoxu burada hazırlanır. Burada satışı 7-8 minə təklif edilən mebellər burada hazırlanır. Xaricdən gələsi olsa, gərək 25-35min manat olsun. Mebelin hissələri xaricdən gələ bilir. Burada hazırlanır, quraşdırılır, yığılır. Məsələn, mağazadan bir mebeli soruşurlar deyirlər “İndi yoxdu, bir həftəyə olacaq”, necə olur? Hər həftə xaricdən mal gəlir? Sexdə düzəldib gətirib mağazaya qoyurlar. Xaricdən gələnlər də var. Ancaq qiymətlər çox baha olur. Eyni mebel məsələn mağazada 7 minə satılırsa, xaricdən gələn mebel 21 min təşkil edir. Gəlmə mebellər ucuz ola bilməz. Mənzil sahibi evin ölçülərinə görə, yenidən istədiyi mebeldən sifariş verib, ölçüyə görə yığdırır. Xarici brend firmaların istifadə etdiyi materiallar, parça, süngərlər və s. hamısı digər ölkədən gəlir və burada sexdə qurulur. Detallar gəlir, quraşdırılma, işçi qüvvəsi, sexlər burada olur. Digər ustaların da istifadə etdiyi parçalar xaricdən gətirilir. Bu sifarişçinin istəyi üzrə yığılır. Bəzi ustalar sadəcə Türkiyə parçası adı ilə söz verib Dağıstanın keyfiyyətsiz olan parçasından istifadə edir. Bu artıq ustanın vicdanına qalır. Usta vicdanlı, peşəkar olsa, hazırladığı mebel də keyfiyyətli alınar”.
Şəhanə Quliyeva